Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “UÇUŞ ZOLAĞI” layihəsinə yekun vurdu. Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud internat məzunlarının cəmiyyətə inteqrasiyası prosesinin asanlaşdırılması idi. Bu məqsədlə layihə çərçivəsində internat məktəbləri və uşaq evlərindən məzun olacaq valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin müstəqil həyata hazırlanması, uğurlu karyera qurmalarına istiqamətlidirilmələri, onlara peşə seçimində risklərin ölçülməsini, gələcəyin peşələrinin və məşğulluğun təmin olunması üçün müasir alətlərin öyrədilməsi, müstəqil həyatda qarşılaşa biləcəkləri psixoloji baryerləri aşmaq üçün psixoloji alətlərə yiyələnmələri, milli qanunvericiliyin onlara verdiyi hüquq və imtiyazlardan faydalana bilmələri üçün bu sahədə maarifləndirilmələri istiqamətində işlər aparılmışdır. Layihə çərçəvəsində Bakı şəhərində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 və 2 saylı internat məktəblərində, 11 saylı inteqrasiya təlimli internat məktəbində, sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı internat məktəbində, Sumqayıt şəhərində yerləşən G.Əsədov adına tam orta internat və fars-ingilis təmayüllü orta internat məktəblərində 2 günlük təlim kursları təşkil edildi. Təlimlərə ümumilikdə 180 gənc cəlb edilmişdi. Təlimlərin ilk günü sosial inteqrasiya, ikinci günü isə psixoloji inteqrasiya məsələlərini əhatə edirdi. Eyni zamanda gənclər milli qanunvericiliyin onlara verdiyi hüquq və vəzifələr barədə də geniş məlumatlar əldə etdilər.
Layihə çərçivəsində internat məktəblərindən məzun olan valideyn himayəsindən məhrum olmuş gənclər üçün buklətlər hazırlanaraq paylanılmışdır. Bukletlərdə belə gənclərə müstəqil həyatda qarşılaşacaqları problemləri aradan qaldırmaq üçün zəruri olan informasiyalar yer almışdır.
MƏTBUAT XİDMƏTİ
19.08.2016