Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Vəkillər Kollegiyasının Rəyasət Heyətindən bildiriblər ki, iclasda kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin hazırkı fəaliyyəti barədə məlumat verib, yanvarın 28-də vəkilliyə qəbul üzrə keçiriləcək imtahana hazırlıq işlərindən danışıb.
İclasda, həmçinin “Vəkil vəsiqəsi”nin yeni nümunəsinin təsdiqi məsələsi müzakirə olunub. Qərara alınıb ki, vəkillərə verilən vəsiqələr artıq üç il müddətinə deyil, qeyri-müəyyən müddətə – vəkilin səlahiyyəti müddətinə verilsin.
Eyni zamanda, fərdi qaydada fəaliyyət göstərmək istəyən vəkillərin müraciətlərinə, vəkillərin mükafatlandırılması məsələlərinə, habelə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq müvafiq qərarlar qəbul olunub.
Tədbirdə Kollegiya üzvlərinə yanvarın 13-də keçirilən iclasda qaldırılan iki məsələ ilə əlaqədar Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət ünvanlanması ilə bağlı qəbul olunan qərar və həmin məsələlərin həllinə dair Vəkillər Kollegiyasının rəhbərliyi ilə Baş İdarə arasında əldə edilən razılığın mahiyyəti barədə məlumat verilib.
Diqqətə çatdırılıb ki, notariat qurumlarında vəkillərin səlahiyyətlərinin müəyyən edilməsi üçün müvəkkillər tərəfindən vəkillərə verilən etibarnamələrin təsdiqi ilə bağlı qanunvericilikdəki boşluqlar səbəbindən anlaşılmazlıqlar yaranırdı. Bu, əsasən onunla bağlı idi ki, bir sıra hallarda vəkillər notariat orqanlarına həmin məsələ ilə əlaqədar müraciət edərkən onların üzərində bu və ya digər səbəbdən vəkilin səlahiyyətlərini təsdiq edən vəsiqələr olmurdu. Belə olan halda notariat orqanları həmin hüquqi hərəkətin icrasını həyata keçirə bilmirdilər.
Rəyasət Heyətinin qərarına əsasən, vəkillərin cari reyestr məlumatları elektron-notariat sisteminə əlavə olunması üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə təqdim olunub. Növbəti günlərdən etibarən artıq üzərində vəkil vəsiqəsi olmayan və ya vəsiqəsinin müddəti keçmiş vəkillər şəxsiyyət vəsiqələrini notariat orqanlarına təqdim etməklə müvafiq əməliyyatlar apara biləcəklər.
İkinci məsələ ilə bağlı diqqətə çatdırılıb ki, məlum olduğu kimi, vəkillər müvəkkillərinə hüquqi yardım göstərmək üçün onlarla müqavilə bağlayıb order alırlar. Məsləhətxanada vəkillərə verilən orderlər müdirin möhürü və imzası ilə təsdiqlənir. Fərdi vəkillər isə orderləri özləri təsdiqləyirlər. Hər bir order nadir reyestr nömrəsi olan sənəddir. Təcrübədə məhkəmə təmsilçiliyi ilə bağlı orderin əsli məhkəmələrə təqdim olunur. Sonradan məhkəmədə baxılan iş ilə bağlı vəkillər sübutların toplanılması məqsədilə notariat orqanlarına sorğu verilməsi və ya təmsilçilik üzrə etibarnamənin alınması üçün həmin orderlərin surətini ya məsləhətxana müdirlərinə təsdiqlətdirir və ya fərdi vəkildirsə, özü təsdiqləyib notariusa təqdim edir. Lakin bu günədək notariuslar həmin orderlərin təsdiq olunmuş surətlərini “müəyyən edilmiş qaydada təsdiq olunmadığı” üçün (Qeyd: MPM-nin 73.5-ci maddəsi) qəbul etmirdilər.
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi ilə əldə olunmuş razılığa əsasən, bundan sonra vəkil qurumlarının müdirləri və ya fərdi qaydada fəaliyyət göstərən vəkillərin özləri tərəfindən təsdiq edilmiş orderlərin surətləri notariat orqanları tərəfindən qəbul ediləcək və hər hansı əlavə notarial təsdiqə ehtiyac olmayacaq. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən verilən məlumata görə, bu barədə tapşırıq ölkə üzrə bütün notariat orqanlarına ən yaxın günlərdə göndəriləcək.
AZƏRTAC