Azərbaycanın Moldovadakı səfirliyi tərəfindən Kişinyovun mərkəzində yerləşən tarixi Orqan zalında ulu öndərin vəfat etməsinin 11-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Moldova rəsmiləri, o cümlədən xarici işlər nazirinin müavini Valeri Kiver, Moldova paytaxtında akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ombudsman Aureliya Qriqoriu, Moldovanın Azərbaycandakı keçmiş səfiri İon Robu, Moldovanın YUNESKO üzrə baş katibi Konstantin Rusnak, Moldova Azərbaycanlıları Konqresinin (MAK) prezidenti və fəalları iştirak ediblər.
Mərasimin açılışında çıxış edən səfir Namiq Əliyev ulu öndərin həyat və fəaliyyətindən danışıb, müasir Azərbaycanın bugünkü nailiyyətlərindən söz açıb.
Tədbirdə iştirak edən Moldovanın mədəniyyət naziri xanım Monika Babuk çıxış edərək Heydər Əliyevin təkcə Azərbaycanda deyil, bütün postsovet məkanında müstəsna rolunu vurğulayıb və özünün bu il Bakıya etdiyi rəsmi səfərindən və ölkəmizin uğurlarından söz açıb.
Tədbirdə dünya şöhrətli, 23 beynəlxalq müsabiqə laureatı, klassik gitaraçı Rövşən Məmmədquliyev tərəfindən Azərbaycan və xarici bəstəkarların klassik əsərləri ifa olunub.
Trend.az