Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ukrayna Ali Radasının sədri Vladimir Rıbakla iki ölkə arasında əlaqələri müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə bazar günü səfirlikdən bildirilib.
Görüş zamanı Ukrayna-Azərbaycan münasibətləri və xüsusən parlamentlərarası əlaqələrə dair bir sıra məsələlər müzakirə edilib. Ukrayna Ali Radasının Sədri Ukraynanın Azərbaycanla münasibətlərə önəm verdiyini, Kiyev və Bakı arasında strateji tərəfdaşlığın daha da zənginləşdirilməsinə çalışdığını deyib. Onun sözlərinə əsasən ötən ildə Ukrayna-Azərbaycan dialoqunun yüksək inkişaf dinamikası, həmçinin parlamentlərarası səviyyədə təmaslar bunun təsdiqidir. Rıbak 2012-ci ildə keçirilmiş Ukrayna parlament seçkilərində müşahidəçilərin fəal iştirakına görə Azərbaycan parlamentinin rəhbərliyinə təşəkkürünü ifadə edib. “Onların obyektiv və əsaslı qiymətləndirmələri Ukrayna üçün vacib idi”, – Rıbak deyib
Ukrayna Parlamentinin rəhbəri parlamentlərarası işçi qrupun əhəmiyyətinə də toxunaraq deyib ki, Ukrayna tərəfdən qrupa yeni seçilmiş parlamentdən 36 millət vəkili daxil edilib. Üzvlərin ilkin siyahısı artıq hazırlanıb, təsdiq olunduqdan sonra Azərbaycan tərəfinə məlumat veriləcək. Rıbak bu işçi qrupun qarşılıqlı səfərlərinin ölkələr arasında dialoqun daha da genişləndirilməsinə xidmət edəcəyindən əminliyini ifadə edib. Rıbak əlaqələrin gələcəkdə inkişafı üçün millət vəkilləri arasında çoxtərəfli formatdan, Ukrayna və Azərbaycanın üzv olduğu parlament assambleyalarının çərçivələrindən istifadə edilməsinin zəruriliyini qeyd edib. O, ölkələr arasında davamlı ticarət əlaqələrini yüksək qiymətləndirib, Ukraynanın əməkdaşlıq üçün yeni istiqamətlərin müəyyən edilməsində maraqlı olduğunu vurğulayıb.
Ali Radanın Sədri Ukrayna-Azərbaycan münasibətlərinin yalnız siyasi, ticarət-iqtisadi sahələrdə yox, həmçinin, humanitar-mədəni istiqamətlərdə də inkişaf etdiyindən, xüsusən iki ölkənin təhsil müəssisələri arasında elm sahəsində əməkdaşlıq və təmaslardan məmnunluğunu bildirib.
Səfiri öz növbəsində Ali Radanın Sədri seçilməsi münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun salamlarını və təbrikini Rıbaka yetirərək onu yaxın zamanda Azərbaycana səfər etməyə dəvət edib. Mədətli qarşılıqlı səfərlərin əməkdaşlığın müxtəlif sahələrdə inkişafı üçün yeni imkanlar açacağından əminliyini vurğulayıb.