Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Aşqabadda hökumətin geniş tərkibli iclasında Cənubi Qafqaz ölkələri ilə dostluq əlaqələrinin inkişafının vacibliyini qeyd edib və Azərbaycanla sıx qarşılıqlı fəaliyyətin olduğunu bildirib. Trend xəbər verir ki, bu barədə şənbə günü Türkmənistan hökumətinin yaydığı məlumatda deyilir.
Q.Berdiməhəmmədov deyib ki, Türkmənistanın beynəlxalq əməkdaşlığında əhəmiyyətli rol Cənubi Qafqaz dövlətləri ilə dost əlaqələrinin inkişafına ayrılır: “Əgər ən yaxın qonşularımız haqqında danışırıqsa, onda artıq Azərbaycanla bizim ölkəmizin sıx qarşılıqlı fəaliyyəti qeyd edilməlidir”.
Məlumata görə, dövlət başçısı diqqəti ona yönəldib ki, ən yaxın qonşularla – Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan və Özbəkistanla sıx və hərtərəfli qarşılıqlı fəaliyyətin inkişafı neytral Türkmənistanın xarici siyasətinin ən əhəmiyyətli istiqamətidir.
Prezidentin fikrincə, region dövlətləri ilə əməkdaşlıq qarşılıqlı anlaşma və etibar prinsipləri üzərində qurulmalıdır.
Xəzərdə qonşuluq edən Türkmənistan və Azərbaycan Avropaya Xəzər regionunun enerji daşıyıcısılarının tədarükü üzrə alternativ marşrutlardan istifadədə maraqlıdırlar. Türkmənistanın karbohidrogen resursları boru kəmərinin tikintisi nəticəsində Xəzər dənizinin dibi ilə (təxminən 300 kilometr) Azərbaycanın sahilindən Avropa istiqamətinə göndərilə bilər. Oradan yanacaq Avropa ölkələri ilə ümumi sərhədlərə malik Türkiyəyə göndərilə bilər.
Trans-Xəzər qaz kəməri genişmiqyaslı “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi ola bilər. Rəsmi Aşqabad hesab edir ki, hüquqi statusu hələ müəyyən edilməmiş Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilməsi üçün layihə ərazisinə düşən tərəflərin (Türkmənistan və Azərbaycan) razılıqlarının olması kifayətdir.
Öz növbəsində, ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) nümayəndələrinin bəyan etdikləri kimi, Azərbaycan bu layihənin həyata keçirilməsi üçün öz ərazisini, tranzit imkanlarını və infrastrukturunu təqdim etməyə hazırdır.