Türkiyədə 10 nazir vəzifəsindən azad ediləcək.
Trend-in “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, nazirlərin gözlənilən dəyişdirilməsi sonuncu korrupsiya qalmaqalı ilə bağlıdır.
Qəzet yazır ki, siyasi məsələlərə görə dəyişdiriləcək nazirlərin adları açıqlanmır.
Nəşrin məlumatına əsasən, bu gün hakim Ədalət və İnkişaf Partiyası Türkiyədə korrupsiya qalmaqalı ilə əlaqədar fövqəladə iclas keçirib.
Xatırladaq ki, dünən İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, 52 nəfər həbs edilib.
Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları – iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin “Xalq Bank”ının baş direktoru Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da var.
Məlumata əsasən, həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub.