«Türkmənistanla Azərbaycan arasında gərginlik yaradan qüvvələr var »


«Bəzi qüvvələr Türkmənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşmasını və onun real işlə nəticələnməsini istəmir. İki ölkə arasında gərginliyi də bu qüvvələr yaratmağa çalışır».

Bunu APA-nın İstanbula ezam olunmuş müxbirinə açıqlamasında Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib. Nazir qeyd edib ki, Türkmənistanla Azərbaycan arasında münasibətlərdə gərginliyin yaranması halları bir neçə dəfə müşahidə olunub: «Mən deyə bilmərəm, bu dəfə bunun səbəbi nə olub. Lakin hamımız bilirik ki, burada ola bilsin, başqa qüvvələr var, münasibətlərdə gərginlik yaratmağa çalışır və vəziyyətdən istifadə edirlər. Görürlər ki, bizim münasibətlərimiz yaxşılaşır, bu münasibətlər hansısa real işə çevrilir, hansısa sənədlər hazırlanır… Bu səbəbdən hesab edirəm ki, bu əməkdaşlığı pozmaq istəyən qüvvələr mövcuddur».

N. Əliyev xatırladıb ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun Bakıya son səfəri zamanı Xəzər dənizinin hüquqi statusu ilə bağlı tərəflər arasında razılıq əldə olunanadək mübahisəli neft-qaz yataqlarında işlərin aparılmaması ilə bağlı iki ölkənin prezidentləri arasında razılıq əldə olunub. Bunu nəzərə alaraq nazir Türkmənistan tərəfinin son addımlarının anlaşılmaz olduğunu bildirib: «Həmin vaxt sammitdə prezidentlər bu barədə söhbət ediblər və Xarici İşlər nazirlikləri səviyyəsində işçi qrupu işləyir. Bu işçi qrupu sərhəd məsələlərinə baxır və bu məsələlər həll olunanadək, «Kəpəz» yatağında heç bir iş görülməyəcək. Azərbaycan tərəfi verdiyi sözün üstündə dayanır və yataqda heç bir iş aparmır»

Lent.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO