Türkiyə Ermənistanla sərhədləri açacaqmı?

Ermənistanla sərhədlərin açılması ilə bağlı Türkiyənin mövqeyinin dəyişməsi mümkün deyil. Bu barədə Trend-ə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib. “Sərhədlərin bağlandığı vaxtdan 20 il keçməsinə baxmayaraq, Türkiyədə müxtəlif hökumətlər dəyişib, lakin bu məsələ ilə bağlı mövqe dəyişməyib, bundan sonra da dəyişməsi gözlənilən deyil”, – Mirzəzadə deyib.
O qeyd edib ki, Türkiyədə sərhədlərin açılması ilə bağlı müəyyən qrup ermənilərin təşəbbüsü vaxtaşırı özünü göstərir.
“Lakin bunlar təşəbbüsdən qırağa keçmir. Türkiyədə demokratik cəmiyyət olduğuna görə Ermənistanla sərhədlərin açılması məsələsi müzakirəyə çıxarıla bilər, ancaq onun geniş dəstək alması mümkün deyil”, – millət vəkili deyib.
Mirzəzadə qeyd edib ki, bu gün Ermənistan Türkiyənin torpaqlarına iddia edir, tarixi saxtalaşdırmağa cəhd edir, olmayan soyqırım məsələsini Türkiyəyə sırımağa çalışır.
“Bu gün Ermənistanın apardığı siyasət ilk növbədə Ermənistanın özündə ağır nəticələr verməyə başlayıb. Bu gün 300 minə yaxın erməni Türkiyədə türk çörəyi yeyir. Bu baxımdan bu təşəbbüslərin heç bir uğur qazanmayacağını indidən bildirmək olar”, – o, deyib.
Qeyd edək ki, ABŞ-da Ağ Evin saytında Türkiyənin qeyd-şərtsiz olaraq Ermənistanla sərhədlərin açılması barədə imza toplama aksiyasına başlanılıb. Qeyd olunur ki, sərhədlər ən azından Türkiyədə olan suriyalı qaçqınların Ermənistana keçməsi üçün açılmalıdır.
Türkiyənin Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması İdarəsindən (AFAD) Trend-ə bildirilib ki, suriyalı qaçqınların Ermənistana keçməsinə heç bir ehtiyac yoxdur və hal-hazırda Türkiyə-Ermənistan sərhədlərinin bu məqsədlə açılması mümkün deyil. İdarədən bildirilib ki, Türkiyə ərazisində olan suriyalı qaçqınların ehtiyacları Türkiyə dövləti və beynəlxalq qurumlar tərəfindən təmin olunur.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO