Bu barədə Türkdilli Ölkələrin Parlament Assambleyasından (TÜRKPA) bildiriblər. 19-21 dekabrda Türkiyənin paytaxtı Ankarada TÜRKPA-nın Hüquq Komissiyasının 1-ci iclası çərçivəsində “TÜRKPA üzv dövlətlərinin parlamentlərinin konstitusiya sistemində vəzifə və öhdəlikləri və millət vəkillərinin rolu” mövzusu ilə bağlı hesabat və təkliflər paketi müzakirəyə çıxarılacaq.
Təkliflər paketi qəbul ediləcəyi təqdirdə, TÜRKPA-nın 2012 ildə Bişkəkdə keçiriləcək III plenar sessiyasında təqdim ediləcək. Plenar sessiyada təsdiq ediləcəyi halda isə tövsiyə qərarları olaraq üzv ölkələrin parlamentlərinə bu istiqamətdə yeni qanun layihələri hazırlamaq məqsədi ilə göndəriləcək.
Komissiyanın işində Ankara millət vəkili, komissiyanın sədri Halük İpəyin başçılığı altında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən millət vəkilləri və TÜRKPA katibliyinin əməkdaşları iştirak edəcəklər.
TÜRKPA 2009-cu ildə Bakıda təsis olunub. Təşkilatın katibliyi Bakıda yerləşir. Katiblik baş katib, onun Türkiyədən və Qazaxıstandan olan müavinləri və ekspert qrupundan ibarətdir.
Təşkilatda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur.
Qurumun əsas məqsədi türkdilli ölkələr arasında əlaqələrin gücləndirilməsi, qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması və digər məsələlərin həyata keçirilməsindən ibarətdir.