Ötən il Azərbaycan məhkəmələrində torpaq və mənzil mübahisələri ilə bağlı baxılan işlərin sayı artıb. Ali Məhkəmənin Mülki işlər üzrə məhkəmə kollegiyasının hakimi Əsəd Mirzəliyev çərşənbə axşamı Trend News-a bildirib ki, ötən il Ali Məhkəmədə mənzillə bağlı 764 şikayətə baxılıb ki, bu da 2008-ci illə müqayisədə 2 faiz artıb. Bu mübahisələrdə mənzildən istifadə qaydalarının müəyyənləşdirilməsi, mənzildən çıxarılması, mənzillərin bölüşdürülməsi ilə bağlı şikayətlər üstünlük təşkil edib.
Torpaq mübahisələri ilə bağlı ötən il Ali Məhkəmədə baxılan işlərin sayı 15 faiz artaraq 448 təşkil edib. Ali Məhkəmədə hesabat dövründə vərəsəliklə bağlı işlərin sayı 40 faiz (209 iş), kredit ödəmələri ilə bağlı mübahisələr isə 3-4 dəfə (62 iş) artıb. Mirzəliyev bildirib ki, ötən il alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması ilə bağlı mübahisələr 48 faiz azalıb.
Ümumilikdə isə Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasında və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 2009-cu ildə baxılmış işlərin və daxil olmuş müraciətlərin sayı 2008-ci illə müqayisədə artıb. Belə ki, mülki işlər üzrə məhkəmə kollegiyasında 14,6 faiz, iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında isə 28,9 faiz artım müşahidə olunub.