DMX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xidmətin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib.
413 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 119 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.
Keçirilmiş tədbirlər nəticəsində 766 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
Onlardan 234-nün cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 38 nəfər əcnəbi 16 yaşı tamam olmadığından inzibati məsuliyyətə cəlb olunmayıb.
Ötən ay DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4 888 müraciət daxil olub.
Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.