İsveç Azərbaycanlıları Konqresinin üzvləri 2006-cı ildə Azərbaycan hökumətinə xəbər vermədən işğal altındakı Dağlıq Qarabağa səfər etmiş İsveç millət vəkilləri ilə görüşüblər.
Konqresdən verilən xəbərə görə, Sol Partiya fraksiyasına daxil olan deputatlar danışıqlar prosesinin mövcud durumu və erməni tərəfinin destruktiv mövqeyi barədə məlumatlandırılıb. Konqres üzvləri bildiriblər ki, danışıqlar prosesi davam edərkən dünya ictimaiyyəti və İsveç parlamenti azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasına laqeyd qalmamalı və onların öz torpaqlarına qayıtmasına kömək etməlidir.
Onlar qeyd ediblər ki, gələn il İsveç parlamentində Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinin planlaşdırılması çox vacib addımdır.
Deputatlara Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi haqqında əcnəbi müəlliflərin yazdığı kitablar və materiallar təqdim edilib.