Layihədə yeni doğulan uşağın vətəndaş hesab olunması üçün nəzərdə tutulan çəkinin 1 kq 600 qramdan 600 qrama endirilməsi təklif olunur.
Azərbaycanda «Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında» qanun layihəsinin yeni variantının parlamentin yaz sessiyası ərzində müzakirəyə çıxarılması gözlənilir. Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı məlumat verib.
Deputatın sözlərinə görə, qanun layihəsində xeyli dəyişiklik edilib. Başlıca dəyişiklik isə ilk müzakirələrdə onun özü də daxil olmaqla deputatlar tərəfindən etirazla qarşılanan iki məsələnin layihədən çıxarılmasıdır. Bunlar surroqat ana və sperma bankı ilə bağlı məsələlərdir.
«Bizdə hər iki məsələ ciddi narazılıq doğururdu. Təbii ki, milli mentalitetimiz və ailə adətlərimiz bu məsələlərə imkan vermir», – deyə deputat əlavə edib.
Millət vəkili yenidən işlənilən qanun layihəsinə ana və uşaq sağlamlığı ilə bağlı yeni məsələlərin salındığını da qeyd edib. Deputatın sözlərinə görə, hazırda Azərbaycanda doğularkən çəkisi 1 kq 600 qram olan uşaqlar vətəndaş hesab olunur. Dünyanın əksər ölkəsində isə bu hədd 600 qram götürülür: «Hesab edirəm ki, biz də bu həddi götürməliyik, qanun layihəsində bu məsələ də əksini tapacaq. Hazırda bu məsələ də müzakirə olunur. Mən şəxsən istərdim ki, Azərbaycanda da 600 qramlıq hədd götürülsün».