“Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin edəcəyinə inanmıram. Amma təsdiqləyirəm ki, Avropa Şurası Parlament Assambleyasının Bürosunda siyasi məhbuslarla bağlı qərar çıxarılıb və Hüquq Komitəsinə tövsiyə edilib. Məruzəçi isə hələ təyin olunmayıb”. APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. S. Seyidov bildirib ki, AŞ belə bir addım atsa, o deməkdir ki, bu təşkilatın nə üzv dövlətə, nə də özünə hörməti yoxdur: “Avropa Şurası Qafqazda insan haqlarını araşdırsa, lap gözəl olar. Niyə də araşdırmasın? İnsan haqları elə məsələdir ki, daim araşdırılmalıdır. Ancaq başqa ölkələri kənara qoyub onların əməllərinə göz yummaq, hüquqda, beynəlxalq qanunvericilikdə olmayan “siyasi məhbus” terminini yalnız bir ölkəyə şamil etmək, digər ölkələrə gəldikdə isə bu terminin yerinə “azadlıqdan məhrum olunmuş insanlar” ifadəsini işlətmək bu təşkilatın problemidir, bizim yox”.
S. Seyidov “siyasi məhbus” məsələsinin gündəmə gəlməsində Azərbaycanda fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatlarının da rolu olduğunu vurğulayıb: “Azərbaycanın regionun liderinə çevrilməsi və regionda ilk dəfə ölkəmizdə ən yüksək səviyyəli prezident seçkilərinin keçirilməsindən dərhal sonra belə məsələlər ortaya atılır. Müəyyən mənada QHT-lərdən istifadə edirlər. Ancaq bir məsələ daha təhlükəlidir – təzyiq və təzyiq altında idarəetmə. Müstəqil siyasət aparan Azərbaycan bütün güc mərkəzləri ilə normal münasibətdədir. Bu, bəzi qüvvələri narahat edir. Bunun yolunu Azərbaycandakı cüzi problemləri süni şəkildə böyütmək, regionun digər dövlətlərində olan böyük problemləri isə cüzi məsələ kimi qələmə verməkdə görürlər”.