Seçki necə keçdi?

Seçki başa çatdı, söz mütəxəssislərindir. Bu mənada onların da baxışları haçalanır. Xüsusən də Vətəndaş Cəmiyyəti Uğrunda Məşvərət Şurasının sədri Eldar İsmayılovla Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədlinin fikirləri əkslik təşkil edir. Hər halda son söz oxucunundur.

Anar Məmmədli: «Seçici fəallığına dair göstəricilər şişirdilib»

– Anar bəy, seçkidən öncə seçici fəallığının çox az olacağını bildirsəniz də, hesabatınızda 69 faiz fəallığın olduğunu göstərmisiniz. Bu, necə izah oluna bilər?
– Bəli, debatların zəif və cəlbedici olması bizi bu qənaətə gətirmişdi. Amma seçki günü apardığımız müşahidələr zamanı fəallığı təxminən 69 faiz qeydə aldıq. Bu, MSK-nın ilkin nəticələri ilə 6 faiz fərqlənir. Ancaq digər halları da qeydə almışdıq. Təxminən 13 faiz seçiciləri məntəqələrə xüsusi qruplar vasitəsi ilə gətirilməsi halları müşahidə olunub. Bu hal Naxçıvanda 26, Beyləqanda 39, Gəncədə 21 faiz olub. Bundan əlavə məntəqələrin 16 faizində seçicilərin adları olmayıb. Sadaladıqlarım göstərir süni olaraq seçici fəallığı «şişirdilib». Ona görə də əldə etdiyimiz 69 faiz seçici fəallığı bu «şişirtmədən» irəli gəlir.
– Bəs bu süni seçici artırmalarını kənara qoysaq, real nədər fəallıq olub?
– O zaman çox az sayda seçici fəallığının şahidi olarıq. Məsələ ondadır ki, oktyabrın 15-də seçicilərin məntəqələrə gəlməsi ilə yanaşı xüsusi sayda seçicinin məntəqələrə gətirilməsinin də şahidi olmuşuq. Təsəvvür edin ki, rəsmi məlumatlara görə xüsusən əyalətlərdəki 27 seçki məntəqəsində seçici fəallığı 95 faizdən çox olub. Bu, nonsensdir və yalnız sovet seçki sistemində rast gəlinə bilər. Yəni məntəqədə 1500 seçici qeydiyyatdadırsa, onun 1400-ü iştirak edib. Nəzərə alanda ki, əyalətləri tərk edənlər çoxluq təşkil edir, bu, mümkün deyil. Belə məntiq yaranır ki, komissiya üzvləri fasilə etməyiblər, yalnız seçiciləri yola salmaqla məşğul olublar. Seçici fəallığını süni artırmağı başa düşmək olar, amma bu qədər də kəllə-çarxa çıxmaq olmaz axı.
– Necə izad oluna bilər ki, kampaniya dövründə seçkiyə maraq çox az olub, amma seçki günü seçicilər məntəqələrə gəlib?
– Tamamilə düşündürücü sualdır və bu, paradoksdur. Sadəcə, bir məqamı unutmaq lazım deyil ki, seçki prosesi bir gündən ibarət deyil. Bir çox mərhələlərdən ibarət olan seçki prosesinə qanunvericiliyin təkmilləşməsi, seçki öncəsi siyasi mühitin durumu, azad və ədalətli seçkilərə imkan verən şərtlər və şikayətlərin araşdırılması vəziyyəti daxildir. 15 oktyabr prezident seçkilərinin bütün mərhələrini nəzərə aldıqda seçki məntəqələrindəki təkmilləşdirmələrə baxmayaraq ümumi mühitdəki qanun pozuntuları göstərir ki, proses bəzi beynəlxalq standartlara uyğun keçirilməyib. Bu baxımdan 15 oktyabr seçkisi azad və ədalətli hesab oluna bilməz.
– Ancaq beynəlxalq təşkilatlar bir qədər fərqli münasibət sərgilədilər. Bu baxımdan ATƏT-in Müşahidə Missiyası daxil olmaqla beynəlxalq təşkilatların mövqeyini necə qiymətləndirisiniz?
– Həm ATƏT-in Müşahidə Missiyasının, həm də Avropa Parlamentinin nümayəndələrinin hazırladığı bəyanatlarda kifayət qədər iradlar var. Konkretləşdirsək, məntəqələr açılarkən 99 faiz proses yüksək səviyyədə olub. Ancaq seçki başlayandan sonra qanunsuzluqlara yol verilib. ATƏT-in Müşahidə Missiyasının hesabatına nəzər salsanız, məlum olar ki, texniki təkmilləşdirmə qiymətləndirilir. Amma bütövlükdə seçkilərin bir çox beynəlxalq standartlara cavab verməməsi bildirilir.
– Nə üçün seçkilər zamanı Seçki Monitorinq Mərkəzinin (SMM) adından çıxış etmədiniz?
– Bilirsiniz ki, seçkilərdən üç ay öncə mərkəzin qeydiyyatı ləğv edilmişdi. Bundan sonra SMM-nə təzyiqlər güclənmişdi və bu, seçki öncəsi kulminasiya zirvəsinə çatmışdı. Bu sırada seçkidən bir neçə gün əvvəl BDU-da, Beynəlxalq, Tibb, Pedaqoji universitetlərində və Cəlilabad, Gəncə şəhərlərindəki tələbələr olan müşahidəçilərimizə müəyyən təzyiqlər olmuşdu. Məqsəd isə SMM-nin adından müşahidələrə son qoyulsun. Həm də qeydiyyatımız ləğv olunandan sonra mərkəzi və dairə komissiyalarında qeydiyyatdan keçə bilmirdik. Belə olan halda tərəfdaşlarımızın təhlükəli vəziyyətlə qarşılaşmaması üçün seçkilər haqda qiymətləndirməmizi müstəqil şəkildə həyata keçirək. Bütün təzyiqlərə baxmayaraq ilk dəfə olaraq Azərbaycanda səslərin paralel sayılması metodikasını biz tətbiq etdik və bu, uğurlu alındı.
Eldar İsmayılov: «Seçici fəallığı gözlədiyimizdən də çox oldu»
– Eldar bəy, seçki gözlənildiyi kimi keçdi, yoxsa siz «sürprizlər» gözləyirdiniz?
– Hansı sürprizlər?
– Fəallıq baxımından nəzərdə tuturam…
– Mən əvvəlcədən verdiyim proqnozun üstündə dayanıram. Bildirmişdim ki, seçkilərdə fəallıq yüksək olacaq və əksəriyyət İlham Əliyevə səs verəcək. Əslində belə də oldu. Hətta mənə elə gəlir ki, İlham Əliyev 90 faizdən çox səs toplayıb.
– Amma seçki kampaniyasının passivliyini nəzərə alsaq, seçicilərin məntəqələrə dediyiniz şəkildə aktiv gəlməsi necə izah oluna bilər?
– Bəli, kampaniya zəif keçirilirdi. Amma əhali ilə etdiyim söhbətdən məlum olur ki, fəallıq gözlədiyimizdən də çox olub. Bu, həm şəhərlərə də, əyalətlərə də aiddir. Düzdür, bəzi regionlarda fəallıq bir qədər aşağı olub. Amma ümumən Azərbaycanda fəallıq yüksək olub. Mən «Lider» kanalında çıxışım zamanı bildirdim ki, seçici fəallığı 70 faiz ətrafında olacaq. Həqiqətən də belə oldu.
– Ancaq MSK-nın məlumatına əsasən ən zəif fəallıq Bakı şəhərində olub. Bu paradoksu necə izah edərdiniz?
– Bu, həmişə belə olub. Azərbaycanda indiyə qədər keçirilən seçkilərdə böyük şəhərlərdə fəallıq az, bölgələrdə isə güclü olub.
– Niyə?
– Yəqin ki, bu, kənd əhalisinin intizamlı olmasından irəli gəlir.
– Axı demoqrafiq baxımdan əyalətlərin əksər əhalisi xaricə, yaxud paytaxta çörək arxasınca gediblər…
– Söhbət rayonları tərk etməyən insanlardan gedir. Siyahıya düşən insanların əksəriyyəti seçicilərə qatılıb. Əsas sual bu olmalıdır ki, fəallıq niyə yüksək olub? Bax, bu barədə düşünmək lazımdır. Fəallıq ona görə yüksəkdir ki, seçki çox sakit keçib. Mən belə də gözləyirdim. Yəni sakit şəraitdə keçirilən seçkilərdə fəallıq yüksək olur. Cəmiyyətdə siyasi qarşıdurma dərinləşdikcə seçici fəallığı da nisbətən aşağı sezilir.
– Amma bu fəallığı süni surətdə də artırırlar…
– Bu, başqa məsələdir. Yenə deyirəm, seçicilərin real iştirakı 70 faiz ətrafında olub.
– Ancaq «karusel» əməliyyatının keçirilməsi də faktdır…
– Bunlar yalandır. 15 oktyabr seçkilərində «karusel» əməliyyatı baş verməyib və buna heç ehtiyac da olmayıb. Bizim müşahidiçilər bu saxtakarlıqla rastlaşmayıblar.
– «Azadlıq» radiosu Xırdalan rayonunanda «karusel» əməliyyatının necə keçirilməsini öz efirində dinləyicilərə çatdırıbsa, necə təkzhib edirsiniz?
– Sən indi bir Xırdalan rayonunu bir fakt kimi götürürsən. Mən isə Gəncə, Mingəçevir və bir sıra rayonları xatırlada bilərəm ki, «Karusel»ə rast gəlinməyib. Yəni olmay ıb. İndi ona oxşar nəsə olubsa, bunu «karusel»in ayağına yazaq?
– Hər halda faktlar da var…
– Bu faktları kim deyir?
– Sizin seçkini müşahidə edən həmkarlarınız…
– Yalan deyirlər.
– Anar Məmmədli bu barədə faktları öz hesabatında qeyd edib…
– Anar Məmmədli düz danışmır. Çünki onlar ümumiyyətlə seçkilərdə iştirak etmədiklərindən prosesdən xəbərləri yoxdur.
– Eldar bəy, axı onların bölgələrdəki məntəqələrdə nümayəndələri müşahidələr aparıbsa (sözümü kəsir)…
– Olmayıb da.
– Onda ATƏT-in Müşahidə Missiyasının ilkin hesabatını necə qiymətləndirisiniz?
– ATƏT-in mövqeyi aydın idi. Mən əvvəlcədən də xəbərdarlıq etmişdim ki, bir «yaralı yerimiz» var, o da seçki komissiyalarının formalaşması problemidir. Doğrudan da, komissiyaların formalaşması prinsipi dəyişməlidir. Nə qədər ki, komissiyalar hazırkı prinsiplər əsasında formalaşıb, ATƏT-in rəylərində bu, çatışmazlıq kimi səslənəcək. Mən ATƏT-dən elə bu qüsuru gözləyirdim də. Mən də düşünürəm ki, komissiyaların formalaşması prinsipi doğru deyil və məntiqə ziddir.
– Bəs komissiyalar hansı əsaslarla qurulmalıdır?
– Bu barədə dəfələrlə çıxış etmişəm. Seçki Məcəlləsi müsbətdir, amma komissiyaların formalaşması prinsipi dəyişməlidir. Birinci, peşəkar seçki mütəxəssisləri tender əsasında komissiyalara salınmalıdır. İkinci, partiya prinsipi rədd edilməlidir. Məncə, komissiyaların indiki formatı dəyişəcək. Çünki hökumətdə də bunu başa düşənlər var. Bəzilərinin tərslik etmələrinə normal yanaşmaq lazımdır.

Bizim Yol

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO