Azərbaycanda prezident seçkisi öncəsi təbliğat-təşviqat kampaniyası dövründə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması halları müşahidə olunmayıb. «Təbliğat-təşviqat kampaniyasının başladığı 17 sentyabrdan oktyabrın 7-dək namizədlərin təbliğatı üçün 505 yığıncaq keçirilib və sərbəst toplaşmaq azadlığının təmin olunmasına ciddi mane yaradılmayıb», çərşənbə günü Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupun apardığı monitorinqlə bağlı Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında ekspert Əliməmməd Nuriyev bildirib.
Trend News-un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd – Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.
Nuriyev qeyd edib ki, prezidentliyə namizədlər daha çox qapalı yerlərdə yığıncaqlar keçiriblər: «Bütün yığıncaqlar icra hakimiyyəti orqanlarının ayırdığı yerlərdə baş tutub. Yalnız hakim Yeni Azərbaycan Partiyası (YAP) prezidentliyə namizəd İlham Əliyevin təbliğatı üçün sentyabrın 17-də Bibiheybətdə mitinq keçirib».
Ekspert deyib ki, seçkini boykot edən təşkilatların təmsil olunduğu Müxalifətin Əməkdaşlıq Mərkəzinin təyin etdiyi aksiya baş tutmayıb.
Onun sözlərinə görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası oktyabrın 13-də, Böyük Quruluş və Müasir Müsavat partiyaları isə oktyabrın 11-də ayrı-ayrılıqda «Təbriz» kinoteatrının qarşısında mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
«Təbliğat-təşviqat kampaniyası dövründə ən çox toplantı keçirən YAP-dır. Hakim partiya 451 yığıncaq keçirib və bu tədbirlərlə 371 min nəfər iştirak edib. Qüdrət Həsənquliyev isə beş yığıncaq keçirib. Prezidentliyə namizədlər, Ümid Partiyasının sədri İqbal Ağazadə və Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev könüllü şəkildə kütləvi yığıncaqlar keçirməkdən imtina ediblər. Onlar daha çox elektron KİV-də və «qapı-qapı» təbliğat aparmağa üstünlük verirlər», – deyə ekspert əlavə edib.