“Seçki 2008” QHT Koalisiyasının sonuncu toplantısı keçirilib.
Bu barədə Lent.az-a Koalisiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib. Toplantıda Koalisiyanın üzvləri – “İnam” Plüralizm Mərkəzinin sədri Vahid Qazi, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu və CASCFEN sədri Azər Həsrət iştirak edib. Ümumi müzakirələr nəticəsində belə qərara gəlinib ki, Koalisiya bu il oktyabrın 15-də keçirilən prezident seçkisi ilə bağlı qarşıya qoyulan məqsədə nail olub və öz işini yetərincə yüksək səviyyədə qura bilib. Bundan başqa, istər yerli, istərsə də beynəlxalq qurumlarla mütəmadi görüşlərin keçirilməsi, fikir mübadiləsinin aparılması və ortaya çıxa biləcək əngəllərin proqnozlaşdırılaraq, vaxtında qarşısının alınması “Seçki 2008”-in işinin uğurunu təmin edib.
Daha sonra toplantıda 15 oktyabr seçkisi ilə bağlı yekun hesabatın müzakirəsi aparılıb. Koalisiya üzvləri hesabatın son variantını razılaşdıraraq onu www.sechki2008.org ünvanındakı saytda yerləşdirməyi qərara alıblar. Eyni zamanda o da qərara alınıb ki, yekun hesabat ingilis dilinə tərcümə edilərək yayılsın.
Xatırladaq ki, Koalisiyanın ilkin rəyi 16 oktyabrda keçirilən mətbuat konfransında açıqlanmışdı.
Toplantıda, həmçinin qərara alınıb ki, Koalisiyanın monitorinqini apardığı KİV-lərin seçki dövründəki fəaliyyətinə qiymət verilsin. Bu məqsədlə ümumi sayı 16 olan KİV-lərdən prosesləri tərəfsiz və balanslı şəkildə işıqlandıranların diplomla mükafatlandırılması haqqında razılıq əldə edilib. O da qərara alınıb ki, diplomların təqdimatı noyabrın 18-i saat 15.00-da BAMF-nin konfrans zalında həyata keçirilsin. Əlavə edək ki, Koalisiya TV-lərdən AzTV, İTV, ANS və Lider, onlayn resurslardan mediaforum.az, Lent.az və 1news, qəzetlərdən “Azərbaycan”, “Yeni Azərbaycan”, “İki sahil”, “Azadlıq”, “Yeni Müsavat”, “Novoye vremya”, “Şərq”, “525-ci qəzet” və “Zerkalo”nun monitorinqini aparıb. Proses 13 avqust – 31 oktyabr 2008-ci il tarixləri arasındakı müddəti əhatə edib.
Son olaraq Koalisiya üzvləri qurumun fəaliyyətinin davam etdirilib etdirilməməsi ilə bağlı qeyri-rəsmi fikir mübadiləsi də aparıblar. Qərara alınıb ki, bu məsələ ilə bağlı müzakirələr davam etdirilsin.