“Seçki 2008” QHT Koalisiyasının üzvləri yerlərdəki seçkiöncəsi vəziyyətlə tanışlıq və yerli müşahidəçi korpusunu formalaşdırmaq məqsədilə regionlara səfəri davam etdirir. Bu barədə seçki2008.info saytına Koalisiyadan məlumat verilib.
Koalisiya üzvü Umud Rəhimoğlunun sözlərinə görə artıq onlar Ağdam, Tərtər, Bərdə, Goranboy, Gəncə, Tovuz və Qazaxa səfər ediblər. Burada koalisiyanın dairələr üzrə müşahidəçilərilə görüşüb, məntəqələrdə seçici siyahıları ilə tanış olublar: “Dairələrdə seçkilərlə bağlı hazırlıq işləri normal gedir. Yalnız bəzi qaçqın düşərgələrinə yaxın məntəqələrdə siyahıların dəqiqləşdirilməsi prosesində problemlər var ki, bunun da seçki gününə kimi həll olunacağına söz verirlər. İstər yerli, istərsə də beynəlxalq qurumların nümayəndələri regionlarda müşahidə işini yaxşı qurublar. Biz də dairələr üzrə müşahidəçilərimizlə görüşür, birlikdə məntəqələr üzrə müşahidəçiləri müəyyənləşdirir, onların fərdi qaydada qeydiyyata alınmasına nəzarət edirik. Bu iş növbəti iki həftədə də davam etdiriləcək”. Qeyd edək ki, Koalisiya Qarabağ, Aran, Gəncəbasar, Şimal, Cənub və Bakı olmaqla ölkənin 6 bölgəsində seçkiləri müşahidə etməyi planlaşdırır. Seçki günü 1500-dən çox müşahidəçi 60 seçki dairəsində müşahidə aparacaq. Məlumatlar dairələr üzrə müşahidəçilərdə toplanaraq, Koalisiyanın Mərkəzi ofisinə çatdırılacaq. Koalisiyanın prezident seçkisilə bağlı ilkin rəyi oktyabrın 16-da açıqlanacaq.