San Fransiskoda Azərbaycanın tolerantlıq modeli müzakirə olunub

San Fransiskoda Azərbaycanın tolerantlıq modeli müzakirə olunubAmerika Yəhudi Komitəsinin (AYK) dəvəti ilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Kaliforniya ştatının San Fransisko şəhərinə səfər edərək, Azərbaycana dair keçirilən üç tədbirdə məruzə ilə çıxış edib.

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan Trend-ə verilən məlumata görə, diplomat əvvəlcə AYK-nin San Fransisko üzrə regional nümayəndəliyinin idarə heyətinin üzvləri qarşısında məruzə oxuyub. Baş konsulun növbəti təqdimatları AYK-nin gənc peşəkarlar təşkilatı olan ACCESS-in üzvləri qarşısında və San Fransiskonun ən qədim yəhudi dini ocaqlarından olan “Sherith Israel” sinaqoqunda keçirilib. Tədbirlərdə hüquq, maliyyə, elm, media, informasiya texnologiyaları və beynəlxalq biznes kimi müxtəlif sahələrdən olan nüfuzlu şəxslər iştirak ediblər.

N.Ağayev öz çıxışlarında Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinin ictimai-tarixi köklərini izah edərək, bu gün ölkəmizdə müxtəlif dinlər və millətlər arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib. Diplomat qeyd edib ki, mürəkkəb coğrafi-siyasi məkanda yerləşməsinə baxmayaraq, Azərbaycanın yarada bildiyi uğurlu multikulturalizm və tolerantlıq nümunəsi bu gün artıq beynəlxalq aləmdə mütərəqqi model kimi qəbul olunur və öyrənilir. Baş konsul vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda dinlər və millətlərarası qarşılıqlı hörmət və etimad mühiti hər gün daha da güclənməkdə, müxtəlif mədəniyyətlər arasında mübadilə imkanları genişlənməkdədir.

2016-cı ilin ölkəmizdə “Multikulturlizm ili” elan olunduğunu diqqətə çatdıran N.Ağayev bildirib ki, Azərbaycanın bu yöndəki səyləri artıq yalnız ölkə daxilində deyil, regional və beynəlxalq miqyaslarda da öz bəhrəsini verməkdədir. Baş konsul bu səpkidə cari ilin 25-27 aprel tarixlərində Bakıda 140 ölkədən 3 minədək nümayəndənin qatıldığı BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun böyük uğurla keçirildiyini nümunə kimi qeyd edib.

N.Ağayev, həmçinin Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğalçılıq və etnik təmizləmə siyasəti, Azərbaycanın ABŞ və İsrail ilə münasibətləri, eləcə də Azərbaycan xalqı ilə yəhudi xalqı arasında olan sıx tarixi dostluq əlaqələri barədə iştirakçıları məlumatlandırıb, mədəniyyətlərarası dialoqa mühüm önəm verən Amerika Yəhudi Komitəsi ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

Sonda baş konsul tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO