«Prezidentlərin Kazan görüşünə qədər ümidlər var idi ki, ən azı hər iki tərəf ümumi prinsiplərdə qarşılıqlı razılığa gələcək. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, eləcə də Azərbaycan cəmiyyəti Kazan görüşünün nəticəsindən çox məyus qaldı. Həqiqətən də Kazan görüşünün nəticələri məyusedici oldu». Bunu Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer Bakıda jurnalistlərə açıqlamasında deyib.
Türkiyənin Dağlıq Qarabağ danışıqlarındakı roluna toxunan S. Freyzer Ankaranın münaqişənin həlli ilə bağlı çox maraqlı ideyalarının olduğunu bildirib: “Lakin Türkiyənin Ermənistanla sərhəd problemi var, bu səbəbdən çətinliklər yaşanmaqdadır. Türkiyə Dağlıq Qarabağ danışıqlarına hər hansı töhfə vermək, prosesə müsbət tərəfdən qoşulmaq istəyirsə, ilk növbədə Ermənistanla münasibətlərini normallaşdırmalıdır».
S.Freyzer növbəti iki ildə münaqişənin həlli istiqamətində ciddi irəliləyiş gözlənilmədiyini vurğulayıb: “Qarşıdakı iki ildə həmsədr ölkələrdə – Rusiya, ABŞ və Fransada seçkilər keçiriləcək. Buna görə də hesab edirəm ki, danışıqlarda hər hansı canlanmanın olması ehtimalı çox azdır». Ekspert Ermənistanın da seçki ərəfəsində olduğunu xatırladıb, müharibəyə hazırlığın isə ritorika kimi göründüyünü deyib.