Avstraliya və Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir və iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq üçün böyük perspektivləri var. Trend-in məlumatına görə, bunu Avstraliyanın Türkiyə və Azərbaycandakı səfiri Martin Larsen Ankarada Milli Məclisin deputatı Xanlar Fətiyevin başçılıq etdiyi Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə görüşdə deyib.
Səfirin sözlərinə görə, işçi qrup mövcud olduğu qısa müddət ərzində Azərbaycan barədə məlumatların Avstraliyadan olan həmkarlarına çatdırılmasında böyük iş görüb.
X.Fətiyev qeyd edib ki, Azərbaycan və Avstraliya arasında münasibətlər son illər keyfiyyətcə ciddi dəyişikliyə uğrayıb: “Hazırda Avstraliyada parlament və hökumət səviyyəsində Azərbaycanı kifayət qədər yaxşı tanıyırlar. Xüsusilə Avstraliya xarici işlər naziri Culiya Bişop bu yaxınlarda çıxışında bəyan edib ki, Kanberra Azərbaycanın ərazi bütövlüyünü tanıyır, həmçinin işğal edilmiş ərazilərin azad edilməsinə çağırıb”.
Ermənistanın saxladığı azərbaycanlı girovların azad edilməsi barədə məsələnin Avstraliya parlamentində qaldırılması da vacib faktdır.
Görüşdə X.Fətiyev bildirib ki, hazırda Azərbaycanın Avstraliya ilə münasibətləri iqtisadi baxımdan da böyük maraq doğurur. Azərbaycan Prezidenti İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsindən danışarkən vurğulamışdı ki, kənd təsərrüfatı ölkənin qeyri-neft ixracını inkişaf etdirəcək, əhalini işlə, eləcə də ərzaq təhlükəsizliyini təmin edəcək.
X.Fətiyev diqqətə çatdırıb ki, bu baxımdan kənd təsərrüfatının əsas sahələrdən biri olduğu Avstraliyanın təcrübəsinin öyrənilməsi faydalı olardı.
Görüş zamanı işin aktivləşdirilməsi məsələləri, Azərbaycanın diaspor təşkilatlarının Avstraliyada üzləşdikləri problemlər də müzakirə edilib.
Görüşdə ticari-iqtisadi əməkdaşlıq məsələləri, sosial və humanitar sahələrdə münasibətlər, eləcə də parlamentlərarası əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.