Azərbaycanda bu həftə 26 il öncə baş vermiş faciəvi 20 yanvar hadisələrini xatırlayırlar və litvalılar Azərbaycan xalqını tam başa düşür, çünki bundan 1 il az müddət sonra Litvada oxşar hadisələr baş vermişdi. Bunu Trend-ə Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas deyib.
Diplomatın sözlərinə görə, 26 il əvvəl aydın oldu ki, sovet imperiyası daha mövcud ola bilməz, çünki onun təməlində insanların azad iradəsi və onların azad seçimi dayanmırdı: “Bakıdakı hadisələr Litvaya təsir etdi və insanların cəsarətlə və ardıcıllıqla müstəqillik qazanması üçün hərəkətə çağırış oldu”.
V. Lastauskas vurğulayıb ki, Litva ötən həftə sovet qoşunlarının 1991-ci ildə nümayişçiləri – müstəqillik tərəfdarlarını Vilnüsdə qəddarlıqla dağıtmasının 25 illiyini qeyd etdi: “Həmin hadisə Sovet İttifaqının dağılmasının daha bir katalizatoru oldu. Yanvarın 13-də ölkə üzrə həmin hadisəni yad etmək üçün marşlar, görüşlər, kilsədə ayinlər və digər tədbirlər keçirildi”.
Səfir əlavə edib ki, 1991-ci il yanvarın 13-də həyatlarını qurban vermiş insanların, hücum edən tankları əllərində Litva bayarqları ilə rəşadətlə qarşılayanların xatirəsini yad etmək məqsədilə həmin gün Vətənin Müdafiəçisi və Litvanın Azadlığı Günü adlandırılıb. Bu günün rəmzi isə “Unutma məni çiçəyi” seçilib.
O diqqətə çatdırıb ki, 1990 və 1991-ci illərin yanvarındakı hadisələr Litva və Azərbaycanı bir-birinə daha da bağladı: “Bu tarixlər göstərir ki, azərbaycanlılar və litvalılar oxşar faciəvi taleyə malik xalqlardır. Həmçinin, həmin hadisələr göstərir ki, ölkələr vətəndaşlarının cəsarəti, ruhlarının gücü, özlərini qurban vermələri, Vətənin azadlığı uğrunda mübarizədə təcavüzkarın tankları qarşısında dinc şəkildə dirənmələri ilə fəxr edə bilər: “Bax buna görə hazırda biz ölkələrimizin uğurları ilə fəxr edirik və əməkdaşlıq üçün geniş perspektivlər görürük”.