“Rusiya və Azərbaycanın münasibətləri kifayət qədər uğurla inkişaf edir”. Bu fikirləri “Rusiya-24” telekanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev söyləyib.
“Bizim münasibətlərimiz dinamik, ardıcıl və effektiv inkişaf edir. Yüksək səviyyəli siyasi əlaqələr mövcuddur, bu əlaqələr nəticəsində real nəticələr verən qərarlar qəbul edirik. Biz haqlı olaraq münasibətlərimizi strateji tərəfdaşlıq kimi xarakterizə edirik”.
Prezident qeyd edib ki, Rusiya ticarət münasibətləri kontekstində Azərbaycan üçün istehlak bazarı kimi böyük maraq kəsb edir. Rusiya həm də bizim ən əsas idxal tərəfdaşımızdır. Azərbaycana ən çox Rusiyadan mal idxal olunur. İki ölkə arasında iqtisadi sahədə əlaqələr möhkəmlənməkdə davam edir. Böhran dövründə ticarət dövriyyəsinin həcmi bir az aşağı düşüb, lakin biz dövriyyənin strukturunu yaxşılaşdırmaqla bunu kompensasiya edirik”.
İlham Əliyev Azərbaycanla Rusiyanın enerji və hərbi-texniki sahələrdə aktiv əməkdaşlıq etdiyini vurğulayıb: “Son sahədə çox uğurla inkişaf edir. Bu, son illərin reallıqlarıdır. Biz münasibətlərimizi daha da möhkəmləndirmək niyyətindəyik”.
Prezident iki ölkə arasında imzalanan sənədlər arasında dövlət sərhədi haqqında müqaviləni xüsusi qeyd edib: “Qonşu ölkə ilə sərhədlərin müəyyənləşməsi haqqında sənəd istənilən ölkə üçün son dərəcə vacib sənəddir. Bu sərhədlər qarşılıqlı maraqlar əsasında, ədalətli şəkildə müəyyənləşib. Bu müqavilə ölkələrimiz və xalqlarımızı arasında ikitərəfli münasibətləri daha da möhkəmləndirəcək. Biz gələcəkdə də ikitərəfli əməkdaşlığı pozitiv potensialından istifadə edəcəyik”.
Öz müsahibəsində prezident bildirib ki, Xəzər dənizinin hüquqi statusunu qəti surətdə tənzimlənməsinə ehtiyac var: «Bunun üçün artıq yaxşı zəmin var. Bunlar ilk növbədə, Rusiya ilə Azərbaycan arasında, Rusiya ilə Qazaxıstan arasında və Qazaxıstan ilə Azərbaycan arasında imzalanmış ikitərəfli sazişlərdir. Bu üç ölkə öz aralarında bütün məsələləri beynəlxalq hüquq normaları əsasında razılaşdırıblar. Buna görə də əgər bu yanaşma beştərəfli saziş üçün əsas kimi götürülərsə, biz Xəzərlə bağlı məsələləri ən qısa müddətdə tənzimləyə bilərik».
Dövlət başçısı qeyd edib ki, hətta hüquqi statusun tənzimlənmədiyi bugünkü vəziyyət də Xəzəryanı ölkələr arasında mehriban qonşuluq münasibətlərinin inkişafı üçün əngəl deyil.
Prezidentin fikrincə, təbii qaz nəqlində hazırda istehsalçıların və istehlakçıların, zəruri hallarda isə tranzit ölkələrin səylərini əlaqələndirmək və birgə fəaliyyət göstərmək ən optimal variantdır: «Bu halda qaz üzrə əməkdaşlıq məsələləri qeyri-sağlam rəqabət, yaxud hansısa qarşıdurma məsələlərinə çevrilməzdi. İstehsalçılar öz mənafelərini müdafiə etməlidirlər. Bu halda istehsalçı və tədarükçü ölkələr kimi Rusiyanın və Azərbaycanın, əlbəttə öz maraqları, istehlakçıların isə öz maraqları vardır. Bütün bu maraqları ümumi məxrəcə gətirmək, konsensusa nail olmaq və bu əsasda əməkdaşlığın perspektivləri barədə razılığa gəlmək lazımdır. Əgər bu baş verməsə, müxtəlif anlaşılmazlıqlar, yaxud o qədər də düzgün olmayan qiymətləndirmələr energetika sahəsində əməkdaşlığın ümumi mənzərəsini korlayacaq. Ona görə ki, zənnimcə, bu biznesdə hər şey çox dəqiq müəyyən edilməlidir, hər bir tərəf özünün öhdəliklərinin və maraqlarının dərəcəsini bilməlidir ki, kiminsə yolunu kəsməsin, eləcə də özünün potensialının və öz iqtisadiyyatının inkişafını süni şəkildə ləngitməsin».
İlham Əliyev hazırkı minimum əməkhaqqının və pensiyanın səviyyəsindən razı olmadığını bəyan edib: «Son yeddi ildə 900 min yeni iş yeri yaradılıb və elə həmin yeddi il ərzində yoxsulluq səviyyəsini təqribən 50 faizdən 9 faizə endirməyə nail olmuşuq. Buna baxmayaraq, hesab edirəm ki, 9 faiz də çoxdur. Buna görə də əməkhaqqının və pensiyaların artırılması üzrə sosial proqramlar davam etdiriləcək, təbii ki, inflyasiya riskləri nəzərə alınmaqla».