«REFERENDUMA ÇIXARILAN MƏSƏLƏLƏRDƏ MONARXİYANIN TƏTBİQİNƏ YÖNƏLƏN NORMALARA RAST GƏLMƏMİŞƏM»

«Media forum» saytı oxucularının suallarını «Konstitusiya» Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev cavablandırır.
«REFERENDUMA ÇIXARILAN MƏSƏLƏLƏRDƏ MONARXİYANIN TƏTBİQİNƏ YÖNƏLƏN NORMALARA RAST GƏLMƏMİŞƏM»
Forum «İnam» Plüralizm Mərkəzinin ABŞ-ın Marşall Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirdiyi «Demokratiya və Azərbaycanın Avropaya inteqrasiyası mövzusunda ictimai müzakirələr» layihəsi çərçivəsində keçirilib.

Səadət Məhərrəmova: Əliməmməd bəy, əqidəsini dəyişən adamlarla bağlı bir-iki kəlmə fikrinizi bilmək maraqlı olardı…

«Konstitusiya» Araşdırmalar Fondunun rəhbəri kimi niyə ana yasamıza antidemokratik dəyişikliyə mənfi rəy vermirsiniz?

Cavab: Hörmətli Səadət xanım, mənə ünvanladığınız ikinci sualı tələsib özünüz cavablandırmısınız. Lakin mən sizin cavabınızda iddia etdiyinizdən bir qədər fərqli düşünürəm. Forum zamanı səslənən digər sualların cavabında bu fərqi yəqin ki, görəcəksiniz.

O ki qaldı birinci suala, deyə bilərəm ki, əqidəsini dəyişən adamlara münasibət tarixin müxtəlif dönəmlərində necə olubsa, mənim də münasibətim eynidir.

Amma Azərbaycan təcrübəsində, müasir tariximizdə bu məsələ öz mahiyyətini əhəmiyyətli dərəcədə dəyişib. Hazırda əqidəsini dəyişmək ittihamları daha çox yeni peyda olmuş padşahcığazlara, siyasi qrupların rəhbərlərinə «əbədi sadiqlik nümayiş etdirməmiş şəxslərə» həmin padşahcığazların özlərinin, yaxın qohumlarının tabeçiliyində olan medianın yönəltdiyi qara piar nümunələridir. Onlar özlərinin toxunulmazlıqlarını saxlamaq, rəhbərlik etdikləri təşkilatlardan əldə etdikləri gəlirlərin davamlılığını, bölünməzliyini və təhlükəsizliyini təmin etmək üçün potensial rəqiblərinə, rəhbərdən fərqli mövqe nümayiş etdirmiş səxslərə qarşı belə üsullardan istifadə edirlər. Həmçinin çalışırlar ki, həmin siyasi qruplara pak niyyətlə yenicə qoşulmuş şəxslərin əlavə suallarından yayınsınlar, vaxtilə onlarla bir sırada olmuş, sonra da sadaladığım səbəblər üzündən onları tərk etmiş şəxslərə damğa vurmaqla özlərinin gərəkli olduqlarını göstərsinlər, «liderliklərini» qoruyub saxlasınlar.

Son illərin təcrübəsi onu da göstərir ki, həmin şəxslər dünənə qədər düşmən hesab etdikləri qruplardan qopub gələnlərə geniş qucaq açır, eləcə də dünən əqidəsini dəyişməkdə suçladıqları şəxslərlə birlikdə yeni birliklər, koalisiyalar, qruplar yaradır və onların şəninə alqışlar söyləyirlər.

Müəllim, Bakı: Siz Azərbaycanda prezident idarə üsulunun parlament idarə üsuluyla əvəzlənməsi, yerlərdə idarəetmənin tam olaraq bələdiyyələrə verilməsi, icra hakimiyyəti başçılarının (merlərin) seçilməsi təkliflərinə necə baxırsınız?

Cavab: Hörmətli Müəllim, mən sizin təklifinizin gələcək konstitusiya islahatlarının ən mərkəzi məsələlərindən biri hesab edirəm. Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktında Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş parlament respublikasının – Azərbaycan Demokratik Respublikasının varisi kimi təsbit edilsə də, aktın bu müddəasının reallaşdırılması istiqamətində hər hansı real addımlar atılmayıb.

O zaman prezident respublikasına keçid yaranmış siyasi şəraitlə, habelə postsovet ölkələrində prezident respublikasına keçməyin genişlənən praktikası, bu institutun ölkənin müstəqilliyinin qorunub saxlanması zərurəti, artmaqda olan separatçılıq və mərkəzdənqaçma meyilləri ilə bağlı tendensiyaların qarşısını almaqla izah edilirdi. Əlbəttə, bu arqumentlərdə müəyyən həqiqətlər var idi.

Parlament respublikasına keçid, yerlərdə idarəetmənin tam olaraq bələdiyyələrə verilməsi, yerli icra hakimiyyəti strukturları başçılarının seçilməsi konstitusion islahatların, inzibati, ərazi və idarəetmə islahatlarının aparılmasının davam etdirilməsini zəruri edir. Milli dövlətçiliyin sonrakı inkişaf mərhələlərində bu islahatlara keçidlə bağlı geniş müzakirələr aparılmalı və müvafiq konsepsiya hazırlanmalıdır.

Elnur Eltürk, Dünya Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatı: Bu gün Azərbaycan Konstitusiyasına ediləcək dəyişiklik ölkədə demokratiyanın və hüquqi cəmiyyətin yaranmasına nə kimi müsbət və mənfi mənada təsir edə bilər?

Cavab: Konstitusiyaya dəyişikliklərlə bağlı referendum aktı layihəsinin xalqın müzakirəsinə çıxarılması faktı birbaşa demokratiyanın təzahürü kimi dəyərləndirilməlidir. Həmçinin layihə barədə geniş müzakirələrin aparılması da siyasi plüralizm göstəricisi kimi qiymətləndirilə bilər.

Digər tərəfdən, referenduma çıxarılan layihənin məzmununda təklif edilən bir çox dəyişikliklər mahiyyətcə insan hüquq və azadlıqlarının daha dolğun təmin edilməsini, 40 min seçiciyə qanunvericilik təşəbbüs hüququnun verilməsini nəzərə alsaq, birbaşa demokratiyanın tətbiqi sərhədlərinin genişləndirilməsini, hüquqi dövlətin bir çox prinsiplərinin konstitusion dəyərlər sisteminə daxil edilməsini şərtləndirir.

Amma bütövlükdə təklif edilən dəyişikliklərin ölkədə demokratiyanın və hüquqi dövlətin bərqərar edilməsinə birbaşa hansı təsir göstərəcəyini söyləmək çox tezdir. Ona görə ki, birinci növbədə referenduma çıxarılan dəyişikliklərin lehinə səs verilməlidir. Həmin dəyişikliklərin cəmiyyətin həyatında tətbiqindən sonra bu təsirlərin dəyərini ölçmək və qiymətləndirmək mümkün olacaq.

Zabil Quliyev: 18 mart referendumu Azərbaycan tarixinə «inkişafa təkan verən islahatçı», yoxsa «müddətsiz prezident» adlı monarxist konstitusiyanın qəbulu günü kimi düşəcək?

Cavab: Referenduma çıxarılan məsələlər sırasında prezidentin müddətsiz olması və konstitusiyalı monarxiyanın tətbiqinə yönələn hər hansı normalara rast gəlməmişəm. Eyni zamanda prezidentin 5 illik səlahiyyət müddəti ilə bağlı, habelə onun ümumi, bərabər seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilməsini dəyişdirən yeni qaydalar da təklif edilməyib.

Fidan Cəfərova, tələbə, Bakı: İki yox, daha çox dəfə prezident seçilmək imkanı yaratmaq demokratiyanın hansı fundamental prinsiplərinə ziddir?

Cavab: Demokratiyanın fundamental prinsipləri sırasında prezidentin bir, iki və ya çox dəfə seçilməsi ilə bağlı hər hansı prinsip göstərilməyib. İstənilən beynəlxalq hüquqi sənədlərdə, o cümlədən fundamental demokratik dəyərlərdən olan seçki hüququyla bağlı prinsiplər sırasında prezidentin seçilmə müddəti və şəxsin neçə dəfə prezident mandatına malik olması ilə bağlı hər hansı məhdudiyyətlər nəzərdə tutulmayıb. Əsas məsələ seçkilərin azad, ədalətli, bərabər imkanlar şəraitində keçirilməsidir.

Hazırda dünyanın 140-dan artıq ölkəsində prezidentlik institutu mövcuddur. Prezidentlik institutu mövcud olan ölkələrdə prezidentlərin seçilmə üsulu, səlahiyyətlərin həcmi, səlahiyyət müddəti, şəxsin neçə dəfə prezident mandatına malik olması fərqlənsə də, bu fərqliliklər həmin ölkədə olan rejimin demokratik və qeyri-demokratik olmasına birbaşa təsir göstərmir. Elə ölkələr var, idarəetmə forması konstitusiyalı monarxiyadir, amma o, demokratik ölkədir. Elə ölkələr də var, şəxsin prezident mandatına malik olmasına məhdudiyyətlər tətbiq edilir, amma orada qeyri-demokratik rejim hökm sürür.

Qəribə adam, Bakı: «Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı» layihəsində ana yasanın 32-ci maddəsinin (Şəxsi toxunulmazlıq hüququ) III bəndinə belə bir əlavə edilib: «Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz».

Bu nonsensdir – bütün böyük dükanlar, metro stansiyaları və digər obyektlərdə kameralar quraşdırılıb. Yüz minlərlə insanı heç onların razılığı olmadan belə çəkirlər. Bir növ ziddiyyət alınır. Sizcə, müasir texnoloji dünyada belə qanunu tətbiq etmək mümkündürmü?

Cavab: Bu gün ən çox müzakirə doğuran məsələlərdən biri də konstitusiyanın 32-ci maddəsinə təklif edilən əlavə və dəyişikliklərlə bağlıdır. Qeyd etməliyəm ki, bu dəyişikliklər İnsan Haqları və Əsas Azadlıqlara Dair Avropa Konvensiyasının 8-ci maddəsinin Azərbaycan Konstitusiyasına gətirilməsi ilə bağlıdır. Konvensiya 2001-ci ilin dekabr ayında ratifikasiya olunub, 2002-ci il aprelin 15-dən Azərbaycan Respublikası həmin konvensiyanın yurisdiksiyasına daxil edilib.

Konvensiyanın 8-ci maddəsində şəxsi və ailə həyatına hörmət hüququ təsbit olunub. Ölkəmiz konvensiyanı ratifikasiya edən zaman üzərinə götürdüyü öhdəliklərdən biri də bu hüququn təminatını nəzərdə tutan kifayətedici təminatların qanunvericiliyə daxil edilməsi olub. 32-ci maddəyə təklif edilən əlavə və dəyişikliklərin məzmununda da bu təminatlar göstərilib.

İstər beynəlxalq konvensiyalarda, istərsə də milli qanunvericilikdə insan hüquq və azadlıqları ilə bağlı bəzi normaların tətbiqi zamanı bir sıra hallarda hansı normanın tətbiq edilməsi ilə bağlı mübahisələr yaranır. Avropa konvensiyasının 8-ci maddəsi həmin konvensiyanın 10-cu maddəsi ilə (ifadə azadlığı və jurnalistlərin məlumatalma hüququ) bir sıra hallarda konfliktə girə bilir. O zaman həmin normanı tətbiq edən orqan üçün müəyyən çətinliklər yarana bilər: hansı normaya üstünlük versin, şəxsi və ailə həyatına hörmət hüququna, yoxsa fikri ifadə etmək azadliğına?

Xüsusilə də ictimai funksiyanı həyata keçirən şəxsin şəxsi və ailə həyatı ilə bağlı məsələlər zamanı konfliktə (rəqabətə) girən hüquqların sərhədlərini müəyyən etməkdə, balansı qorumaqda müəyyən çətinliklər yarana bilər. Lakin Avropa İnsan Haqları Məhkəməsinin qərarlarında bu tipli məsələlərin həlli zamanı aydın reseptlər verilib. Bu zaman, əlbəttə ki, məsələnin xarakterindən asılı olaraq əksər hallarda ifadə azadlığına – 10-cu maddəyə üstünlük verilir.

Həmçinin duşünürəm ki, bu referendum zamanı vətəndaşlarımız maddənin lehinə səs verəcəkləri halda «Kütləvi informasiya vasitələri haqqında» qanuna müvafiq dəyişikliklər ediləcək, ictimai funksiyanı yerinə yetirən şəxslə bağlı informasiyanın verilməsində ehtimal olunan problemlər aradan qalxacaq və bu zaman məmurların 32-ci maddənin tələblərindən sui-istifadə hallarına yol verməsi imkanı olmayacaq.

Ümumiyyətlə, bütün hallarda hər bir maddənin tələbinə yalnız həmin maddənin tətbiqinə imkan verən halların mövcudluğu şəraitində baxılmalı və bu zaman genişləndirici təfsirlərdən qaçılmalıdır.

O ki qaldı sizin göstərdiyiniz misala, məsələ təhlükəsizlik hüququnun təmin edilməsinə yönələn hallardan gedir. Əsas məsələ ehtimal edilən hüquqa müdaxilə və yaxud onun təmini zamanı motivin müəyyən edilməsidir. Əgər motiv şəxsi və ailə sirrinin öyrənilməsinə yönəlibsə, bu zaman 32-ci maddənin tələbləri ilə qarşılaşırsan. Amma böyuk mağaza və digər obyektlərdə kamareların quraşdırılmasında məqsəd təhlükəsizliyə yönəlib, konkret şəxsi və ailə sirrinin öyrənilməsi məqsədi ilə quraşdırılmayıb. Bu praktikadan dünyanın ən demokratik ölkələrində geniş istifadə olunur.

Mehdiabad bələdiyyəsinin sədr müavini, BAXCP sədrinin müavini Nizaməddin Orduxanlı:
Referendumla bağlı 29 maddəyə əlavə və dəyişiklik nəzərdə tutulub. Həmin əlavə və dəyişikliklər arasında bələdiyyələrlə bağlı bənd də var. Nəzərdə tutulub ki, bələdiyyə qurumları Milli Məclis qarşısında hesabat versinlər.

Əliməmməd bəy, necə hesab edirsiniz: bir seçkili orqanın nümayəndəsi digər seçkili orqanın nümayəndəsinə hesabat verməlidirmi? Ümumiyyətlə, hər ikisini – bələdiyyələri də, deputatları da xalq seçir. Bələdiyyələrə Ədliyyə Nazirliyi nəzdində yaradılan qurum nəzarət edir və bunu başa düşmək olar. Amma bələdiyyənin Milli Məclisdə hesabat verməsi hansı məntiqə uyğundur?

Ölkədə 2700-dək bələdiyyə və 27 mindən artın bələdiyyə üzvü var. Artıq 9 ildir bu sistemdə çalışıram və mənim üçün maraqlıdır ki, başqa ölkələrdə – Şərqdə, Qərbdə belə bir təcrübə varmı? Siz təklif olunan bu əlavəni konstitusiyaya uyğun hesab edirsinizmi?

Cavab: Hörmətli Nizaməddin bəy, Sizin sualınız çox maraqlıdır. Doğrudan da müxtəlif ölkələrin təcrübəsinə baxsaq, əksər ölkələrdə yerli özünüidarəetmə orqanlarının bilavasitə parlament qarşısında hesabat verməsi qaydası nəzərdə tutulmayıb. Lakin nəzərə alaq ki, Azərbaycanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan hər il Milli Məclis qarşısında illik hesabat məruzəsi ilə çıxış edir və bütövlükdə ölkədə fəaliyyət göstərən bələdiyyələr haqqında məlumatlar verir. Güman etmək olar ki, referendum aktına bələdiyyələrin parlament qarşısında hesabat verməsi müddəasının salınmasını qaynaqlandıran amillərdən biri də bu ola bilər. Həmçinin qeyd edilməlidir ki, hər il dövlət büdcəsindən bələdiyyələrə müəyyən maliyyə vəsaitləri ayrılır, büdcəni qəbul edən orqan isə Milli Məclis olduğundan bu təklifdə müəyyən məntiq var.

Lakin praktikada bu normanın həyata keçirilməsi müəyyən çətinliklər yarada bilər. Ona görə düşünürəm ki, əgər referendumda həmin dəyişiklik keçərsə, o zaman bələdiyyələrin Milli Məclis qarşısında hesabat verməsi qaydalarını müəyyən edən qanunun qəbul edilməsinə ehtiyac yaranacaq.

Xəyal Kazımzadə, tələbə: Siz Konstitusiya Məhkəməsinin fəaliyyətini necə qiymətləndirirsiniz? Bu ölkədə hakimiyyətdən asılı olmayan hansısa bir qurum varmı? Ötən il dekabrın 24-də referendumla bağlı təklif olunan əlavə və dəyişikliklərə müsbət rəy verən Konstitusiya Məhkəməsinin azad bir qurum olduğuna inanırsınızmı?

Ən əsas sual: nə etməli? Belə bir haşiyəyə də çıxmaq olarmı ki, siz nə etməli sualına cavab tapmadığınız üçün müxalifət partiyasından getdiniz, fəal partiya funksioneri olmaqdan imtina etdiniz?

Cavab: Əlbəttə ki, Konstitusiya Məhkəməsinin fəaliyyəti məni tam həcmdə qane etmir. Amma əsas məsələ onun fəaliyyətinin təkcə məni qane etməməsi yox, vətəndaşlarımızı, eyni zamanda digər konstitusion təsisatları qane edib-etməməsidir. Məni qane etməməsinin əsas səbəbi Konstitusiya Məhkəməsinin hüquq sisteminin daha da təkmilləşdirilməsi istiqamətində üzərinə düşən funksiyanı tam həcmdə yerinə yetirməməsidır. Düşünürdüm ki, Konstitusiya Məhkəməsi ölkədə hüquq və azadlıqların təmin edilməsinin məbədinə çevriləcək, Azərbaycanda hüquq məktəblərinin yaranmasına təkan verəcək və hüququn tətbiqi praktikasının təkmilləşdirilməsinə gətirib çıxaracaq.

Doğrudur, bu gün Konstitusiya Məhkəməsinə iradları əsasən hüquqçular və hüquq qurumları irəli sürür, cəmiyyətin əksər qismi isə bu instituta etimad edir. Və mən ümid edirəm ki, qarşıdakı illərdə Konstitusiya Məhkəməsi üzərinə düşən vəzifələri daha dolğun şəkildə həyata kecirəcək, cəmiyyətdə hüququn aliliyini təmin edən mərkəzə cevriləcək.

Sizin başqa bir sualınıza – bütün zamanların sualı olan nə etməli sualına cavab olaraq demək istərdim ki, nə qədər ki, vətəndaş aktivliyinə söykənən savadlı cəmiyyətə nail olmayacağıq, onda problemlərimiz daha çox, onların həlli isə daha müşkül ola bilər.

O ki qaldı mənim hər hansı siyasi partiyada olmamağımla bağlı sualınıza, ölkədə mövcud olan siyasi münasibətlərin xarakteri, partiyalararası və partiyadaxili münasibətlərin mövcud vəziyyəti, mövcud siyasi partiyaların əksəriyyətinin avtoritar idarəetmə sisteminə malik olması, fərdin azadlığının onlar üçün qəbuledilməzliyi və partiyaya yalnız gəlir mənbəyi kimi baxılması mənim bu siyasi qruplarda fəaliyyətimi qeyri-mümkün edir.

Sevda Səlimova, tibb bacısı: İctimai-siyasi hadisələrin gedişatına qeyri-hökumət təşkilatları necə təsir etməlidir? Hazırda ölkə konstitusiya referendumuna hazırlaşır. Sizin rəhbərlik etdiyiniz qurumun fəaliyyəti də konstitusiya məsələləri ilə əlaqədardır. Belə bir vəziyyətdə sizin QHT hansı işləri görməyi planlaşdırır?

Cavab: Mövcud qanunvericiliyə görə, qeyri-hökumət təşkilatlarının birbaşa siyasi hadisələrə müdaxiləsi yolverilməz olduğundan onlar daha çox ictimai-siyasi proseslərin monitorinqini aparır, cəmiyyətin maariflənməsini və dövlət orqanlarına ictimai nəzarəti həyata keçirir, cəmiyyətdə mövcud olan problemlərlə bağlı müxtəlif dövlət orqanları qarşısında təkliflərlə çıxış edir. Gerçəklikdə bu gün ölkəmizdə fəaliyyət göstərən QHT-lərin gördüyü işlərin miqyası onları media ilə birlikdə vətəndaş cəmiyyətinin ən mühüm strukturuna çevirib. Bu gün cəmiyyət daha çox onlara etimad göstərir və problemlərlə bağlı onlara müraciət edirlər. Mənim rəhbərlik etdiyim «Konstitusiya» Araşdirmalar Fondu isə referendumla bağlı müxtəlif QHT-lərlə birlikdə maarifçilik istiqamətində iş aparır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO