MSK artıq bülletenləri böyük formatda çap etdirərək dairələrə paylayıb
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Toplantı fevral ayı ərzində keçirilmiş iclas protokollarının təsdiq edilməsi ilə başlayıb.
Daha sonra martın 18-də keçiriləcək referendum çərçivəsində məntəqə seçki komissiyalarında veb kameraların quraşdırılması məsələsi müzakirə olunub. MSK-nın katibi Natiq Məmmədov referendum zamanı səsverməni birbaşa izləmək məqsədi ilə 500 məntəqədə veb kameraların quraşdırılmasını təklif edib.
Bu təklif komissiya üzvləri tərəfindən qəbul olunub. Daha sonra MSK-nın sədri Məzahir Pənahov, referendum çərçivəsində görülən işlər barədə iclas iştirakçılarına məlumat verib.
“Müzakirə etdiyimiz kimi bülletenlər artıq dairələrə paylanılıb. Bir tək Bakı ətrafı rayonlar qalıb. MSK artıq bülletenləri böyük formatda çap etdirərək dairələrə paylayıb ki, bütün seçicilər onlarla tanış olsun. Müşahidəçilərin qeydiyyat məsələsi davam edir. Bu günə qədər MSK-da 966 nəfər dairələrdə isə 17 min 795 müşahidəçi qeydə alınıb”. /ANS TV/