Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) başqanı və baş nazir Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanla münasibətlərin normallaşmasının mümkün olmadığını bildirib. 12 iyunda keçiriləcək seçkilərlə əlaqədar partiyasının İqdırda yerli sakinlərlə təşkil olunan görüşündə çıxış edən baş nazir Naxçıvan yolunun bitdiyini və yaxın günlərdə açılacağını deyib. Bunun ardınca Ərdoğan “Qarabağ bizim məsələmiz, Naxçıvan bizim məsələmizdir” bəyanatını verib.
Baş nazir daha sonra bunları söyləyib: “Azərbaycanın kədəri bizim kədərimiz, Azərbaycanın sevinci bizim sevincimizdir. Burada, İqdırda bir da bəyan edirəm: Qarabağ problemi həllini tapmayınca Ermənistanla əlaqələrin normallaşması mümkün deyil. Hər zaman Azərbaycanın, Qarabağın arxasında olduq, bundan sonra da belə olacaq. Bu məsələdə kimsə bizdən başqa bir şey gözləməsin. Bu barədə bizə Avropa Şurası Parlament Assambleyasında suallar verən erməni və ermənipərəst millət vəkillərinə də lazımi cavabı verdik”.