Trend-in İran İslam İnqilabının 34-cü ildönümü münasibətilə İran xarici işlər nazirinin Asiya və Sakit okean ölkələri üzrə müavini Seyyid Abbas Əraqçi ilə müsahibəsi
– Bu il İran İslam İnqilabının qələbəsinin 34-cü ildönümü keçirilir. İranın regionda və dünyada indiki yerini ötən 34 illə müqayisədə necə görürsünüz?
– İslam İnqilabı İranın çiçəklənməsi üçün ölkənin potensialında bir sıçrayış yaratdı. İran xalqı Şah rejiminin diktatorluğundan və Qərb ölkələrinin, xüsusilə ABŞ-ın təsirlərindən azad olduğu üçün öz gücünə güvənərək ölkənin inkişafına təkan verdi. Əlbəttə, ABŞ bu 34 il ərzində bütün gücü ilə çalışıb ki, İran xalqının inkişafının qarşısını alsın. Bu kimi səylərin nümunəsi kimi İran-İraq müharibəsini, təzyiqlər və sanksiyaların tətbiqini və mənfi təbliğatları göstərmək olar. Bütün bunlara baxmayaraq, İran xalqı öz potensial və qabiliyyətinə güvəndiyi üçün çoxlu nailiyyətlər əldə etdi. Elmi nailiyyətlər sahəsində İran İslam Respublkası 34 il öncə ilə müqayisə edilməyəcək dərəcədə inkişaf edib. İran hazırda region ölkələri arasında elmi inkişaf baxımından birinci, dünyada isə 17-ci yerdədir.
İqtisadi baxımdan da müxtəlif sahələrdə xeyli inkişaf əldə olunub. Xüsusilə, bir çox sahələrdə özümüzü təmin etməyə qadirik və ölkədə tələbat olan bir çox məhsullar hazırda ölkə daxilində istehsal olunur. Siyasi baxımdan da hazırda İranda inkişaf etmiş islami qaydalara uyğun bir demokratiya hakimdir. İran xalqı öz taleyinin həllində çox aktiv iştirak edir. Hər dəfə keçirilən seçkilərdə bunun şahidiyik. Hərbi sahədə də nailiyyətlərimiz çoxdur. Hərbi texnika və silahlarımızı özümüz istehsal edirik. Nailiyyətlərimiz 34 il öncə ilə müqayisə edilməyəcək dərəcədədir. Bunun nəticəsidir ki, hazırda İslam Respublikası regionda və beynəlxalq aləmdə təsiredici bir ölkəyə çevrilib. İran İraq, Əfqanıstan, Fələstin, Suriya məsələsində və digər regional və beynəlxalq məsələlərdə əsas oyunçulardan biridir. İran regionda və beynəlxalq aləmdə sülh və sabitliyin təmin olunmasında aparıcı rol oynayır. Hamı da bunu etiraf edir ki, İran olmadan bu problemlərin həlli mümkin deyil. Əgər hazırda İraqda, Əfqanıstanda və digər yerlərdə demokratik bir rejimin mövcud olduğuna şahidiksə, bu, İranın oynadığı müsbət rol nəticəsində mümkün olub.
– İranın Orta Asiya və Qafqaz ölkələri, xüsusilə Azərbaycanla ötən il ticari əlaqələrini necə qiymətləndirirsiniz və cari il üçün əməkdaşlıq perspektivlərini necə görürsünüz?
– Orta Asiya və Qafqaz ölkələri İranın xarici siyasətində çox əhəmiyyətli yerə malikdir. Bizim həmin ölkələrlə coğrafi, tarixi, dini və mədəni yaxınlığımız var. İranın bütün Orta Asiya və Qafqaz ölkələri, xüsusilə Azərbaycanla çox bağlılıqları var. Biz İran xalqı və regionda olan digər xalqlar arasında fərq qoymuruq. Elə buna görə də biz bütün bu ölkələrlə siyasi və iqtisadi əlaqələrimizi inkişaf etdirməkdə maraqlıyıq. Çalışmışıq ki, münasibətlərin inkişafında əgər hər hansı maneələr varsa, onu həll edək. Bəzi vaxtlar anlaşılmazlıqlar baş verir, lakin biz çalışırıq ki, həmin anlaşılmazlıqları həll edək. Regionda sülh və sabitlik, eləcə də region xalqlarının xoşbəxtliyi və inkişafını İranın sabitliyi və inkişafı bilirik.
İranın Orta Asiya və Qafqaz ölkələri ilə iqtisadi və ticari əlaqələri hər gün inkişaf etməkdədir. Yeni ildə də əlaqələrimizi daha da inkişaf etdirməyə çalışacağıq.
– Türkmənistan ötən il İrana qaz ixracatını 60 faizə qədər azaldıb. İranın Neft Nazirliyi də bu məsələni təsdiqləyib. Bu məsələdə problem nədədir? Həmçinin, İranın “Mehr” agentliyi yazıb ki, İran Türkmənistana 1 milyard dollar borcludur. Bu sahədə nə kimi işlər görülüb və ya görülür?
– Türmənistanın İrana qaz ixracatı iki ölkə arasında əməkdaşlığın artırılması məqsədilə baş tutur. Bilirsiniz ki, İran özü dünyaya qaz ixrac edir. İran dünyada ikinci ən böyük qaz ehtiyatlarına malik ölkədir. Türkmənistan qazının İrana idxalı ölkənin ehtiyaclarını təmin etmək üçün deyil. İran bu ölkədən idxal etdiyi qazı ixrac edir və tranzit edir. İran əslində Türkmənistanla iqtisadi əlaqələrini inkişaf etdirmək məqsədilə qaz idxalını həyata keçirir. Bu məsələdə bəzi vaxtlar problemlər yaranıb, bəzi vaxtlar qazın idxal həcminə havaların soyuq və ya isti olması təsir göstərib. Qərb ölkələrinin İrana qarşı tətbiq etdiyi sanksiyalara görə bəzən iki ölkə arasında pulun transferində problemlər yaranırdı. Lakin bu problemlərin hamısı müvəqqəti olub və öz həllini tapıb. Qazın alınmasına dair yaranan borclar tamamilə ödənilib, hazırda da ödənilir və bu sahədə heç bir ciddi problem yoxdur. Qazın idxalı da İranın ehtiyacına və tranzit üçün ehtiyac olduğu qədər davam etdirilir. İki ölkə arasında bu sahədə çox şəffaf və yaxşı əməkdaşlıq davam etdirilir.
– ABŞ İranın nüvə proqramına dair ölkənizlə birbaşa müzakirələr aparmağa hazır olduğunu elan edib. Sizcə, bu müzakirələr nə qədər effektli ola bilər? İranın “5+1” ölkərindən və xüsusilə ABŞ-dan nüvə proqramına dair nə kimi gözləntiləri var? Müzakirələrin gələcək perspektivlərini necə görürsünüz?
– Fevralın 26-da Qazaxıstanda İran və “5+1” ölkələri arasında müzakirələrin yeni raundu başlayacaq. İran öz təkliflərini “5+1” ölkələrinə təqdim edib. Hələ də gözləyirik ki, onlar bizim təkliflərimizlə bağlı öz fikirlərini bildirsinlər və bizə cavab versinlər. Deyilənə görə, “5+1” ölkələri Qazaxıstandakı görüşə yeni təkliflərlə gələcək. Biz ümid edirik ki, bu təkliflər bu dəfə məntiqli və balanslı olacaq və İran xalqının qəbul edə biləcəyi bir təkliflər olacaq. Yeni təklifləri araşdıracağıq. İranın nüvə məsələsində məqsədi və siyasəti tamamilə şəffafdır. İran beynəlxalq qanunlar çərçivəsində özünün hüquqlarından olan nüvə enerjisindən sülhyönlü istifadə etmək istəyir. Bu hüququmuzdan heç vaxt dönməyəcəyik. Hüquqlarımızdan artıq da heç nə istəmirik və nüvə enerjisini sülhyönlü olmayan məqsədlərlə də istəmirik. Bu istəyimiz İran və digər ölkələr arasında qarşılıqlı etimad yaratmaq məqsədilə çıxış yolları tapmaq üçün balanslı və ədalətli müzakirələrin aparılmasına yol açır. Əgər “5+1” ölkələri xoşməramlı olarsa, biz buna hazırıq və çıxış yolunun tapılacağına inanırıq.
İran hazırda “5+1” ölkələri ilə nüvə proqramına dair müzakirələri aparır. Bu ölkələrin sırasında ABŞ da var. Hazırkı şəraitdə bu ölkələrlə, xüsusilə ABŞ ilə ikitərəfli müzakirələrin aparılmasının faydalı olacağını düşünmürük. Biz hər altı ölkə ilə müzakirələrimizi birlikdə aparırıq. Fikrimizcə, indiki şəraitdə ikitərəfli müzakirələrin faydası yoxdur. Biz ABŞ tərəfindən indiyədək heç bir xoşməramlılıq müşahidə etməmişik. Gözəl sözlər və çıxışlar həmişə olub, lakin əməl meyardır. Onlar əməldə xoşməramlı olduqlarını göstərməlidirlər. Təzyiq və sanksiya siyasəti yürüdərək müzakirənin baş tutacağını gözləməməlidirlər. İran xalqı təzyiq altında müzakirələri heç vaxt qəbul etməyəcək.
– İran İslam ölkələrinin vahid hərbi alyansının yaradılmasını təklif edib. Bu sahədə İslam ölkələri ilə hansısa danışıqlar aparılıbmı? İslam ölkələrinin vahid hərbi alyansının yaradılması ilə nə kimi nailiyyətlər əldə edilə bilər?
– İslam ölkələri həmişə öz aralarında vəhdətin olmasını istəyib və istəyir. İslam ölkələri və müsəlman xalqları öz düşmənləri və əcnəbi qüvvələrin çirkli planları qarşısında birləşərlərsə, çoxlu nailiyyət əldə edə bilərlər. Bunu bütün müsəlman ölkələri həmişə istəyib. Buna nümunə olaraq, İslam Əməkdaşlıq Təşkilatının yaradılmasını göstərmək olar. İslam Əməkdaşlıq Təşkilatının iclaslarında da həmişə vəhdət və birləşmək, əməkdaşlığın artırılması ideyası gündəmdə olub və hamı bunu istəyib. İƏT-dən başqa, İslam ölkələri arasında vəhdətin yaradılması üçün digər ideyalar da olub. Bu çərçivədə, misal üçün, İslam ölkələrinin iqtisadi sahədə əməkdaşlığında birlik yaratmaq məqsədilə müştərək islami bazarın təşkili ideyası irəli sürülüb. Həmçinin, İslam ölkələrinin beynəlxalq məhkəmə sisteminin yaradılması ideyası irəli sürülüb. Hər bir sahədə təkliflər irəli sürülüb ki, İslam ölkələri bir istiqamətdə hərəkət etsin və əməkdaşlıq əlaqələrini artırsın. İslam ölkələrinin vahid hərbi alyansının yaradılması da elə bu çərçivədə irəli sürülüb ki, həmin ölkələr hərbi sahədə də bir-birilərinin təcrübəsindən yararlansın və bir istiqamətdə uyğun hərəkət etsin.
– İran Prezidenti son 34 il ərzində ilk dəfə olaraq Misirə səfər etdi. Uzun illər iki ölkə arasında soyuq münasibətdən sonra ölkələr arasında gələcək əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz?
– İran və Misir regionun və İslam dünyasının böyük ölkələrindəndirlər. Regionda və İslam dünyasında baş verən məsələlərlə bağlı iki ölkə arasındakı əməkdaşlıq zəruridir. Buna hər iki ölkə inanır. Necə ki, Suriya məsələsində görürük, İran və Misir, həmçinin Türkiyənin müştərək əməkdaşlığı olmadan problemin həlli çətin olur. İran Misiri böyük ölkə bilir və bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni əlaqələrimizin artırılmasında maraqlıyıq. Hüsni Mübarək (Misirin sabiq Prezidenti) rejimi diktator və ABŞ-ın diktəsi ilə oturub-duran bir rejim idi. Bu səbəbdən də keçmişdə iki ölkə arasında problemlər mövcud idi. Ümid edirik ki, bu məsələlər tədricən öz həllini tapacaq və əlaqələrimiz inkişaf edəcək. Prezidentin Misirə səfəri İslam Əməkdaşlıq Təşkilatının Qahirədə keçrilən toplantısında iştirak etmək məqsədi daşıyıb. Yaranmış bu fürsətdən istifadə olundu və ikitərəfli əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparıldı. Gələcəkdə nəticələrini görəcəyik.