İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Azərbaycanın Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əlizadə ilə görüşüb. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, görüşdə Pakayin iki ölkə arasında ticarət əlaqələrin inkişaf etdirilməsinin zəruriliyindən danışıb.
Səfir iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün İran və Azərbaycanın müştərək ticarət palatalarının təsis olunmasını təklif edib və deyib ki, viza rejiminin sadələşdirilməsi və taariflərin tənzimlənməsi hər iki ölkənin özəl sektorunun fəaliyyətinə geniş imkanlar yaradacaq.
Pakayin İran və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf etdiyini bildirib və vurğulayıb ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsində böyük potensial var.
Məlumata əsasən, görüşdə Niyaz Əlizadə deyib ki, Azərbaycan iki ölkənin özəl sektorunun əməkdaşlığının inkişaf etdirilməsinə hazırdır.
Onun sözlərinə görə, Azərbaycan Ticarət və Sənaye Palatası iki ölkə arasında əlaqələrin inkişafı naminə hərtərəfli əməkdaşlıq etməyə hazırdır.
Trend.az