“Polisin qarşısında duran vəzifələr yalnız seçki qanunvericiliyinin tələblərinə və müəyyən edilmiş qaydalara uyğun yerinə yetirilməlidir”
Daxili İşlər Nazirliyində “Mülkiyyət əleyhinə törədilən cinayətlərin açılması istiqamətində fəaliyyətin təşkili və görülən işlər”ə, habelə «Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində görülən işlərin, əlaqədar dövlət orqanları və ictimai təşkilatlarla qarşılıqlı əlaqələrin vəziyyəti”nə həsr olunan geniş kollegiya iclası keçirilib. DİN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, kollegiyada çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkədə kriminogen durumun nəzarətdə saxlanıldığını, ötən il və bu ilin səkkiz ayında da təqdirəlayiq göstəricilər qazanıldığını vurğulayıb. R.Usubov gündəlikdəki məsələlər üzrə polis orqanları tərəfindən görülən işlərin ümumən qənaətbəxş olduğunu, eyni zamanda xidməti fəaliyyətdə bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu bir daha xatırladaraq konkret tapşırıq və tövsiyələr verib.
Prezident seçkilərinə hazırlıq və seçki dövründə qarşıda duran vəzifələr barədə danışan daxili işlər naziri bununla əlaqədar DİN tərəfindən xüsusi tədbirlər planı hazırlanıb yerlərə göndərildiyini deyib. Nazir öz konstitusion hüququnu realizə etmək üçün ölkəmizin hər bir vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinin seçkilər ərəfəsində və səsvermə günü ictimai təhlükəsizliyin təmininə xüsusi diqqət yetirilməsinin böyük əhəmiyyət daşıdığını, əməkdaşların hər hansı bir formada seçki prosesinə müdaxilə etmələrinin yolverilməzliyini, tutduğu vəzifədən asılı olmayaraq, bunun üçün hər bir əməkdaşın şəxsən məsuliyyət daşıdığını nəzərə çatdırıb. Nazir bildirib ki, polisin qarşısında duran vəzifələr yalnız seçki qanunvericiliyinin tələblərinə və müəyyən edilmiş qaydalara uyğun yerinə yetirilməlidir.