Bu gün Avropa Şurasının (AŞ) baş katibi Tyorbörn Yaqland təşkilatın fəaliyyəti barədə Assambleya qarşısında hesabatla çıxış edib.
APA-nın Avropa bürosunun xəbərinə görə, çıxışdan sonra sualları cavablandıran baş katib Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynovun “Cənab baş katib, siz bütün üzv dövlətlərə eyni münasibət sərgiləmirsiz. Misal üçün, Avropa Şurasının statusundan irəli gələn tələblərə qətiyyən əməl etməyən Ermənistan dövlətinə qarşı heç vaxt tənqidi münasibət göstərməmisiniz. Amma bir neçə ölkəyə qarşı hər dəfə tənqidlərinizi bildirirsiz. Bəs bütün bunlardan sonra, biz, cənab baş katib, necə sizin səmimiyyətinizə etibar edə bilərik?” sualına cavab verib.
T. Yaqland üzv ölkələr arasında ayri-seçkiliyə yol vermədiyini, hamıya eyni dərəcədə yanaşdığını bildirib : “Ermənistanla bağlı dedikləriniz həqiqəti əks etdirmir. Avropa Şurası Ermənistanın problemlərinin aradan qaldırılması üçün bu ölkəylə yaxından əməkdaşlıq edib. Qeyd edim ki, bu ölkədə islahatlar davam etdiriyi müddətcə biz prosesi qətiyyətlə diqqətdə saxlayacağıq və öz məsləhətlərimizi verməyə davam edəcəyik. Ermənistanda da insan hüquqları problemləri baş qaldırdıqda, biz bu ölkəyə dair də öz fikirlərimizi bildiririk. Dediyim ki, mənə problemlərin mahiyyəti maraqlıdır və mən bu fəaliyyətimdə Konvensiyadan, hüququ normalarımızdan və məhkəmənin qərarlarından istifadə edirəm. Mən bütün üzv ölkələrlə bağlı eyni qaydalar, eyni kriteriyalardan istifadə edirəm. Bütün ölkələr mənim gözümdə hüquqi cəhətdən bərabərdilər”.