Qadın İnkişaf Mərkəzi Ombudsman Aparatı ilə birlikdə Qubada “Qadınların seçki prosesində fəallığının artırılması” mövzusunda seminar keçirib. Dövlət müəssisələrində, QHT-lərdə, özəl sektorda çalışan, eləcə də evdar qadınlar seminarın işinə cəlb olunub. Qadın İnkişaf Mərkəzinin vitse-prezidenti Şövkət Xanməmmədovanın APA-nın yerli bürosuna verdiyi məlumata görə, seminarın keçirilməsində əsas məqsəd bölgələrdə yaşayan qadınları oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərində fəal iştirakını təmin etməkdir. Qeyd olunub ki, rayonda yaşayan qadınlar, xüsusilə ucqar dağ kəndlərindəki evdar qadınlar bəzən səsvermədən kənarda qalır, ailə başçıları bəzən qadınların seçki prosesinə qatılmasına imkan vermirlər. Məhz bu kimi halların aradan qaldırılması, yaşadığı mühitdən asılı olmayaraq qadınların seçki hüququnun tam təmin edilməsi məqsədilə həm Qadın İnkişaf Mərkəzi və Ombudsman Aparatı respublikanın əksər bölgələrində qadınların iştirakı ilə seçkiqabağı seminarlar təşkil edib. Qubada keçirilən seminarda qadınlara seçki fəallığının artırılması istiqamətində maarifləndirici treninqlər keçilib.