Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Strasburqda Gürcüstanın AŞPA-dakı yeni nümayəndə heyətinin rəhbəri Tedo Caparidze və nümayəndə heyətinin üzvləri ilə görüşüb.
APA-nın xəbərinə görə, Q.Paşayeva deyib ki, Azərbaycan və Gürcüstanın parlament üzvləri, parlamentlərarası dostluq qrupları və iki ölkənin parlament nümayəndə heyətləri AŞPA da daxil olmaqla, bütün beynəlxalq təşkilatlarda əməkdaşlığı daha da genişləndirməli və ölkələrimizin maraqları çərçivəsində, dövlətlərimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində əməkdaşlığı və işbirliyini daha da artırmalıdırlar.
Millət vəkili bildirib ki, Azərbaycan və Gürcüstanı ortaq keçmiş, dostluq münasibətləri, ümumi maraqlar, Gürcüstan vətəndaşı olan azərbaycanlılar və Azərbaycan vətəndaşı olan gürcülərlə bərabər ortaq problemlər də birləşdirir. Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün pozulması problemlərindən əziyyət çəkdiklərini bildirən Q.Paşayeva bu problemin də hər iki ölkəni birləşdirdiyini vurğulayıb. O bildirib ki, bu məsələdə Azərbaycan və Gürcüstan millət vəkilləri bundan sonra da bütün platformalarda birgə çıxış etməli və hər zaman biri-birinə qarşılıqlı dəstək göstərməlidir.
Gürcüstanın AŞPA-dakı yeni nümayəndə heyətinin rəhbəri Tedo Caparidze bildirib ki, hər iki ölkənin parlament üzvlərinin birgə fəaliyyətinin daha da güclənməsi, birgə səylərin daha da artırılması vacibdir. Azərbaycanın Gürcüstanın dostu və strateji müttəfiqi olduğunu vurğulayan T.Caparidze iki ölkə arasında bütün sahələrdə o cümlədən parlamentlərarası əməkdaşlığın getdikcə daha da güclənəcəyini vurğulayıb. Görüşdə parlamentlərarası əlaqələrin, dostluq qrupları arasında və nümayəndə heyətləri arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində geniş müzakirələr aparılıb.