İnsan Hüquqları-XXI əsr Azərbaycan Fondunun rəhbəri Şahin Camalov Azərbaycanın hüquq müdafiəçisi Leyla Yunusun ermənilərlə müştərək sayt yaratmasının qəti əleyhinədir.
Camalov Trend-ə açıqlamasında Leyla Yunusun bu əməlinin hüquq müdafiəçisi üçün ciddi bir nöqsan olduğunu diqqətə çatdırıb.
“Leyla Yunusun ümumiyyətlə, dövlətçilik əleyhinə fəaliyyəti, hüquq-müdafiəçisi adından istifadə edib öz maraqları naminə fəaliyyət göstərməsi, dövlətin gördüyü işlərə qara yaxması onun hansı münasibətdə, kimlərlə əlaqədə olduğunu göstərir. Bu baxımdan da onun ermənilərlə müştərək sayt yaratmasında elə bir təəccüblü şey görmürəm”, – Camalov deyib.
O qeyd edib ki, əslində bu, Leyla Yunus kimi insanlardan gözlənilən idi. “Mən ümumiyyətlə, ermənilərlə birgə hər hansı bir fəaliyyətin qəti əleyhinəyəm və məhz hüquq müdafiəçisinin bunu etməsi çox ciddi bir qüsurdur”, – Camalov bildirib.
O vurğulayıb ki, Azərbaycanla bağlı informasiyaların ermənilərə ötürülməsi və ya hər hansı bir məsələni Azərbaycan torpaqlarını işğal edən ermənilərlə birgə saytda müzakirə etməsi özü çox ciddi narahatverici məqamdır.
Qeyd edək ki, Böyük Britaniyanın Azərbaycandakı və Ermənistandakı səfirliklərinin dəstəyi ilə Ermənistanın “Region” araşdırma mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən yeni layihə həyata keçirilməyə başlayıb. Layihə çərçivəsində sayt fəaliyyətə başlayıb.
Trend.az