Qazaxıstan latın əlifbasına keçid zamanı Azərbaycanın təcrübəsindən istifadə edə bilər. APA-nın Qazaxıstan mediasına istinadən verdiyi məlumata görə, bu barədə qazaxdilli saytların redaktorlarının konfransında çıxış edən “Nur Otan” Partiyasının katibi Erlan Karin bildirib. O deyib ki, bu layihənin icrasında başqa ölkələrin təcrübəsindən də istifadə olunmalıdır: “Bir çox ölkələr latın qrafikasına keçərkən səhvlərə yol verirdilər. Məsələn, Azərbaycanda latın qrafikasına keçid problemsiz baş tutdu, Özbəkistanda isə əvvəlcə bir, sonradan isə başqa layihə qəbul edilib. Bu mənada Qazaxıstanın üstünlüyü var”.
“Kazinform” saytının baş redaktoru Saylau Abılayev isə qeyd edib ki, latın qrafikasına keçid çətin olmayacaq: “Bunun üçün bizdə kadr potensialı var. Əlifbanı əlavə işarələrlə çətinləşdirmək lazım deyil. Biz elə etməliyik ki, bütün türk dünyası eyni əlifbadan istifadə etsin”.
Qeyd edək ki, Qazaxıstan 2025-ci ilə qədər latın əlifbasına keçməyi planlaşdırıb. Bu təşəbbüsü ölkənin prezidenti Nursultan Nazarbayev irəli sürüb.
Apa.az