QANUNVERİCİLİKDƏ YENİ DƏYİŞİKLİKLƏR

Azərbaycan prezidenti İlham Əliyev Cinayət, İnzibati Xətalar, İnzibati-Prosessual məcəllələrinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı qanunların tətbiqi barədə sərəncam imzalayıb.

Yeni dəyişikliyə görə, Cinayət Məcəlləsinə Siyasi partiyada üzvlüyə məcbur etmə adlı 169-1 maddəsi əlavə edilib.

Həmin maddənin tələbinə görə, siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etmə – min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə Məcəlləyə Siyasi partiyalar haqqında qanunvericiliyin pozulması (49-4) adlı maddə əlavə edilib. Həmin maddədə qeyd olunur ki, siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına, yəni: siyasi partiya tərəfindən dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə edilməsinə; “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmuş vəsaitin, o cümlədən ianələrin siyasi partiyalar tərəfindən qəbul edilməsinə; Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının yaradılmasına və fəaliyyətinə; ləğv edilmiş siyasi partiyanın adından çıxış etməyə və ya fəaliyyət göstərməyə, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak etməyə görə – fiziki şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək miqdarda cərimə edilir.

Yuxarıda qeyd olunmuş xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə isə fiziki şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan altı min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

İXM-ə edilən digər bir dəyişikliklə Aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması (130-2) inzibati xəta hesab olunur. Həmin maddənin tələbinə görə, Aeroportun ərazisində yerləşən müəssisə, idarə və təşkilatlar və onların işçiləri tərəfindən obyektdaxili rejimin təmin olunmamasına və buraxılış rejiminə riayət edilməməsinə görə – vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir.

Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsinə görə – vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

Aviasiya təhlükəsizliyi üzrə əməkdaş tərəfindən yerdə hava gəmisinin təhlükəsizliyinin təmin edilməməsinə görə – vəzifəli şəxslər min manat miqdarında cərimə edilir. Hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi qaydasının pozulmasına görə – vəzifəli şəxslər min manat miqdarında cərimə edilir. Aviasiya təhlükəsizliyi üzrə əməkdaşın qanuni göstərişlərinə əməl etməməyə görə – fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir.”

Siyasi partiyalarla bağlı qanunvericiliyə edilən dəyişikliyə müvafiq olaraq “Mühasibat uçotu haqqında” qanuna da dəyişiklik edilib. Həmin dəyişikliyə görə, Siyasi partiyalar bu Qanuna əsasən tələb olunan maliyyə hesabatlarını müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən təsdiq edilmiş siyasi partiyalarda sadələşdirilmiş mühasibat uçotunun aparılması qaydalarına uyğun tərtib edirlər. Siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları hər il aprel ayının 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına (Maliyyə Nazirliyi) təqdim edilir. Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə kütləvi informasiya vasitələrində dərc etdirirlər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO