ATƏT-in Minsk qrupunun həmsədrləri amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryunun yaydığı son bəyanat Avropa Şurası Parlament Assambleyasına təzyiq və həftənin 2-ci günü qurumda müzakirə olunacaq iki önəmli qətnamə layihəsinə əngəl olmaq məqsədi daşıyır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva mətbuata açıqlamasında deyib.
Q.Paşayeva bildirib ki, obyektiv olmaları gərəkən həmsədrlərin müzakirələrdən 3-4 gün öncə bu açıqlamanı verməsini Ermənistanın maraqlarının müdafiəsi kimi dəyərləndirir: “Çünki Ermənistan nümayəndə heyətnin müzakirələrə və sənədlərin qəbul olunmasına qarşı səsləndirdiyi arqumentlərin bəziləri ilə həmsədrləin arqumentləri üst-üstə düşür. Bir beynəlxalq təşkilatın digər bir beynəlxalq təşkilata və orada aparılacaq müzakirələrə qarşı hədə dili ilə danışması isə etikadan kənar bir addım kimi qiymətləndirilməlidir”.
Deputat hesab edir ki, bu günə qədər Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi istiqamətində heç bir ciddi addım atmayan həmsədrlərin bu məsələnin AŞPA-da geniş şəkildə müzakirəsinin və qəbul olunacaq sənədlərin guya problemin həllinə mane olması istiqamətində yanaşmaları, açıqlamaları obyektivlikdən çox uzaq, yanlış yanaşmadır və bununla işğalçı Ermənistanın himayədarı olduqlarını bir daha sübut edirlər: “Həmsədrlərin məhz bu cür mövqelərinə və açıqlamalarına görə indiyədək probleblemin həlli istiqamətində heç bir irəliləyiş əldə etmək mümkün olmayıb. Çünki bu cür açıqlamalar işğalçını cəsarətləndirməkdən başqa heç bir işə yaramır və həmsədrlərin son açıqlaması da təssüf ki, məhz elə buna xidmət edir. Ümid edirik ki, AŞPA-da bir sıra obyektiv mövqeli həmkarlarımız Minsk Qrupu həmsədrlərinin bu cür ədalətsiz açıqlamasının gerçək mahiyyətini tamamilə anlayacaq və onların çağırışlarına məhəl qoymadan ədalətin yanında olacaqlar”.