Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə baza prinsiplərinə dair razılaşma əldə ediblər

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə baza prinsiplərinə dair razılaşma əldə ediblər. Bu barədə cümə axşamı Praqada jurnalistlərə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib. O bildirib ki, növbəti danışıqların yaxın həftələrdə Sank-Peterburqda aparılması gözlənilir.

Aİ-nin cümə axşamı Praqadakı “Şərqi tərəfdaşlıq” sammitinə dəvət olunmuş Azərbaycan və Ermənistan prezidentləri ABŞ səfirliyində görüş keçirib, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. Dünənki görüş Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyan arasında Dağlıq Qarabağ məsələsi üzrə sayca dördüncü yüksək səviyyəli görüşü olub. Son görüş bu il yanvarın 28-də Sürixdə keçirilib.

Birinci görüş ötən ilin iyununda Sankt-Peterburqda, ikincisi isə ötən ilin noyabrında Moskvada keçirilib. “Bütün razılaşmalar ilkin xarakter daşıyır. Bu səbəbdən də həmsədrlər təfərrüatları açıqlamaqdan çəkindilər”, – Trend News-un xüsusi müxbiri Praqadan məlumat verib.

“Baza prinsipləri” dedikdə Dağlıq Qarabağın statusunun sülh prosesinin sonuncu mərhələsində ümumxalq səsverməsi ilə təyin edilməsi nəzərdə tutulur. Buna qədər isə digər tədbirlər – güc tətbiq etməkdən imtina da daxil olmaqla qarşılıqlı etimad, Ermənistan qoşunlarının tədricən işğal olunmuş ərazilərdən çıxarılması, məcburi köçkün və qaçqınların qayıtması və ticarətin bərpsı nəzərdə tutulub. “Baza prinsipləri” Azərbaycan və Ermənistan XİN rəhbərlərinin 2004-ci ildən Praqada keçirilən və “Praqa prosesi” adlandırılan bir neçə görüşün nəticəsində əldə edilib.

Brayza deyib ki, prezidentlərin son illər keçirdikləri görüşlər zamanı bir sıra çətin məsələlərlə bağlı razılaşma əldə edilib. “İndi həmsədrlərin işi başlayır. Detalların sınaqdan keçirməli və nazirlərin təklif etdiyi konsepsiyaları başa vurmalıyıq. Yaxın bir neçə həftə ərzində nazirlərlə birgə işləməyi planlaşdırırıq”, – Brayza deyib. Türkiyə və Ermənistan əlaqələrinin bərpa olunması məsələsinə toxunan Brayza deyib ki, müzakirələrə Türkiyə-Ermənistan əlaqələrinin bərpası məsələsi kölgə salmadı.

Brayza hesab edir ki, Türkiyə-Ermənistan münasibətlərinin bərpası paralel məsələ olsa da ayrı müzakirə mövzusudur. “Məsələlərin birində əldə olunan irəliləyiş digərinə də müsbət təsirini göstərəcək”, – Brayza qeyd edib. “Tərəflər üçün böyük əhəmiyyət kəsb edən yeganə məsələ Dağlıq Qarabağ münaqişəsidir. Heç bir şey bu danışıqlara kölgə sala bilməz”, – Brayza bildirib.

Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan görüşün nəticələrinə şərh verməkdən imtina ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 – cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO