Oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkilərində iştirak edən namizədlər seçkilərin nəticələri rəsmi dərc edildikdən sonra 10 gün müddətində Mərkəzi Seçki Komissiyasına (MSK) yekun maliyyə hesabatı təqdim etməlidirlər. MSK-nın hüquq şöbəsinin müdiri İradə Hacıyevanın APA-ya verdiyi məlumata görə, qanunun tələbinə uyğun olaraq seçkilərin nəticələri artıq elan olunub və namizədlər müəyyən olunmuş müddətdə yekun maliyyə hesabatını təqdim etməyə borcludurlar. Hesabatda namizədin seçki fonduna nə qədər vəsaitin daxil olduğu, bu vəsaitin hansı məqsədlərlə xərcləndiyi göstərilməlidir. Seçkilərdə 3 faizdən artıq səs qazanmış namizədlər Seçki Məcəlləsinin 73.3-cü maddəsinə uyğun olaraq dövlət büdcəsindən götürülmüş vəsaitin xərclənməmiş hissəsini səsvermə günündən sonrakı 30 gün müddətində geri qaytarmalıdırlar. Üç faizdən az səs toplamış namizədlər isə Seçki Məcəlləsinin 94.3.3 və 197-ci maddələrinə uyğun olaraq dövlət büdcəsindən alınan vəsaiti seçkilərin nəticələri dərc edildikdən sonra 10 gün müddətinə geri qaytarmalıdırlar.