Prezidentliyə namizəd məhkəməyə veriləcək

Böyük Quruluş Partiyasının (BQP) prezidentliyə namizədi Fazil Qəzənfəroğlu və Azərbaycan liberal Demokrat Partiyasının namizədi Fuad Əliyev bu gün Nardaran qəsəbəsində sakinlərlə görüş keçiriblər.
Qəsəbə sakinlərinin APA-ya verdikləri məlumata görə, görüşdə ABŞ-ın Azərbaycanda keçmiş səfiri Stenli Eskuderonun Nardaran camaatı ilə bağlı yaranmış problemi namizədlərin diqqətinə çatdırılıb. Sakinlər keçmiş səfirin 30 hektar ərazini ələ keçirməyə çalışdığını bildiriblər. Buna yol verməyəcəklərini deyən sakinlər qanunun imkan verdiyi üsullardan istifadə edəcəklərini vurğulayıblar. Hər iki namizəd bu məsələni diqqətdə saxlayacağını, prezident seçkilərində qalib gələcəkləri halda, nardaranlıların problemlərini həll edəcəklərini deyiblər. Görüş qəsəbənin “Səfixanı” adlanan ərazidə keçirilib.
Narazı nardaranlıların səlahiyyətli nümayəndəsi Rasim Ağayev isə APA-ya bildirib ki, qəsəbə sakinləri BAXCP-nin prezidentliyə namizədi Qüdrət Həsənquliyevlə bağlı məhkəməyə müraciət etməyə hazırlaşırlar. Onun sözlərinə görə, ötən gün İTV-dəki çıxışında Q. Həsənquliyev Nardaran camaatını təhqir edib, onları dini ekstremist adlandırıb. Gələn həftə məhkəməyə müraciət olunacağını bildirən R. Ağayev Q. Həsənquliyevin nardaranlılardan üzr istəməsini tələb edəcəklərini vurğulayıb. Qeyd edək ki, Nardaran sakinləri prezident seçkilərində namizədliyi irəli sürülən bütün namizədlərə görüş üçün müraciət ediblər. Görüşə isə 7 namizəddən 2-si qatılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO