«Mən prezident olsam, üçüncü dəfə namizədliyimi vermərəm».
Bunu «Azadlıq» radiosunun «İşdən sonra» proqramında Konstitusiya dəyişikliyinə tərəfdar olan «Hüquq və demokratiya»
təşəbbüs qrupunun nümayəndəsi Əliməmməd Nuriyev deyib.
Ə.Nuriyev deyir ki, onun üçün təklif olunan dəyişikliklərdən ən önəmlisi 40 min seçiciyə qanunvericilik təşəbbüsü imkanı verən müddəadır. Onun sözlərinə görə, bu, hakimiyyətin mənbəyi xalqdır prinsipinin təsdiqi olacaq.
Bununla belə, Ə.Nuriyev etiraf edir ki, Konstitusiya dəyişikliklərinin məğzi ilə seçicilərin böyük qismi tanış ola bilməyəcək. Burda xüsusi məsuliyyət dəyişikliklərə biganə qalmayan və onları analiz etmək qabiliyyətində olan azlığın üzərinə düşür.
«Təklif olunan dəyişikliklər arasında razı olmadığınız müddəa varmı» sualına Ə.Nuriyev cavab verməkdən imtina edib.
O, hesab edir ki, prezidentlik müddəti ilə bağlı məhdudiyyətin götürülməsində qeyri-demokratik heç bir şey yoxdur. O ki qaldı bu müddəanın siyasi ətalətə səbəb olacağı barədə fikirlərə, təşviqatçının fikrincə, elə indi də partiyalarda dövrilik prinsipi pozulur və yeni liderlər ortaya çıxmır.
Məhdudiyyətin götürülməsinə müsbət münasibətinə baxmayaraq, Ə.Nuriyev deyir ki, özü prezident olarsa, dəstəklədiyi hüquqdan istifadə etməzdi.