Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Ukraynanın Baş nazirinin müavini Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Baş nazirin müavini Konstantin Qrişenko Ukrayna Prezidenti Viktor Yanukoviçin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Ukrayna Prezidentinin Azərbaycan Prezidenti ilə görüşlərini məmnunluqla xatırladığını dedi.
Prezident İlham Əliyev dövlət başçıları arasında mövcud olan dostluq əlaqələrinin ölkələrimizin ikitərəfli münasibətlərinin möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi. Ölkələrimiz arasında dostluq, tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı bu münasibətlərin müxtəlif sahələrdə gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.
Prezident İlham Əliyev Prezident Viktor Yanukoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna dövlətinin başçısına çatdırmağı xahiş etdi.