Prezident İlham Əliyev Beynəlxalq konfransın iştirakçılarını qəbul edib


Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda Qəbələdə keçirilmiş Beynəlxalq konfransın iştirakçılarını qəbul edib.
Ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın önəmini qeyd edən Prezident İlham Əliyev Azərbaycanda “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda keçirilən konfransı bu əlaqələrin mühüm göstəricilərindən biri kimi qiymətləndirdi. Dövlətimizin başçısı ölkələrimizdə fövqəladə hallarla məşğul olan müvafiq qurumların bir-birinə qarşılıqlı dəstək vermələrinin vacibliyini vurğuladı. Fövqəladə Hallar nazirliklərinin təhlükələrin, fəlakətlərin qarşısını alınması və onların nəticələrinin aradan qaldırılması baxımından çox mühüm vəzifəni yerinə yetirdiyini qeyd edən Prezident İlham Əliyev əhalini mümkün risklərin qarşısının alınmasına hazırlamağın hər bir cəmiyyət üçün mühüm amil olduğunu dedi.
Ölkəmizdə son bir neçə ildə baş vermiş təbii fəlakətlərə, daşqınlara və zəlzələlərə toxunan dövlətimizin başçısı qeyd etdi ki, daşqınlar zamanı 10 minlərlə insan evsiz-eşiksiz qaldı, 100 min hektardan çox ərazi sel suları altında qaldı. Fövqəladə Hallar Nazirliyinin peşəkar fəaliyyəti sayəsində həmin hadisələr zamanı sakinlər fəlakət zonasından köçürüldü, operativ şəkildə müvəqqəti yaşayış məntəqələri salındı və orada səhiyyə, iaşə və digər xidmətlər təşkil olundu. Ən başlıcası isə insan tələfatına yol verilmədi. Azərbaycanın şimal bölgələrində baş vermiş zəlzələ zamanı 3 mindən çox evin, çoxlu sayda məktəbi və digər obyektlərin dağıldığını deyən dövlətimizin başçısı fəlakətdən dərhal sonra zəlzələ zonasında genişmiqyaslı tikinti işlərinə başlandığını və dağılmış bütün evlərin, sosial obyektlərin dövlət vəsaiti hesabına tikildiyini, bu prosesin davam etdirildiyini vurğuladı.
Təbii fəlakətlər zamanı ölkələrin müvafiq qurumlarının əlaqəli şəkildə işləmələrinin vacibliyini vurğulayan Prezident İlham Əliyev bu cür hadisələr zamanı Fövqəladə Hallar nazirliklərinin birgə fəaliyyət göstərmələrinin önəmini xüsusi qeyd etdi.
Ölkəmizdə Fövqəladə Hallar Nazirliyi yaradılarkən qarşıya qoyulan məqsədin həm Azərbaycanda baş verən fəlakətlərin aradan qaldırılması, həm də qonşu və dost ölkələrə yardım göstərilməsindən ibarət olduğunu vurğulayan dövlətimizin başçısı son illər bir sıra ölkələrdə baş vermiş fövqəladə hadisələr zamanı xilasetmə, bərpa və yardım işlərində Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin yaxından iştirak etdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev bu konfransın Azərbaycanda keçirilməsinin tədbir iştirakçılarının ölkəmizlə daha yaxından tanış olması baxımından əhəmiyyətini də qeyd etdi.
Azərbaycan hökumətinin dəvəti ilə ölkəmizə səfər etmələrindən məmnunluğunu ifadə edən Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Navaf əl-Sleybi yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduqlarını dedi. Prezident İlham Əliyevin dəstəyi ilə Fövqəladə Hallar Nazirliyinin ən yaxşı modellərindən birinin Azərbaycanda yaradıldığını vurğulayan Navaf əl-Sleybi bu təcrübədən istifadə etməyin önəmini diqqətə çatdırdı. Azərbaycanın Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə fəal əməkdaşlıq etdiyini deyən qonaq Qəbələdə yüksək səviyyədə təşkil olunmuş konfransı əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından yaxşı fürsət yaratdığını dedi.
Sonda Navaf əl-Sleybi dövlətimizin başçısına Beynəlxalq Mülki Müdafiə Təşkilatının xatirə hədiyyəsini təqdim etdi.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO