Dekabrın 18-də SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin adını daşıyan gəminin istismara verilməsi mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya mərasimdə iştirak ediblər.
Qeyd edək ki, 2013-cü ilin oktyabrında Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması nəticəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Bu qurumun təşkili aparılan struktur islahatlarının mühüm tərkib hissəsi olmaqla ölkədə gedən inkişaf proseslərini özündə əks etdirirdi. Bu, həm də dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi sahəsində daha çox nailiyyətlərin əldə olunmasına hesablanmışdı. Digər tərəfdən yeni yaradılan qurumun qarşısında “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəqliyyat sahəsində nəzərdə tutulmuş digər vacib vəzifələrin qoyulması onun fəaliyyətinə verilən önəmi bir daha nümayiş etdirir. Bütün bunlar da son illərdə ölkədə nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi və Azərbaycanın tranzit potensialının gücləndirilməsi üçün silsilə və kompleks tədbirlərin həyata keçirilməsi sayəsində mümkün olub. Odur ki, son illərdə gəmiçiliyin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli işlər görülüb, yeni gəmilər alınıb. Artıq istismara hazır olan “Müslüm Maqomayev” gəmisi də bu sırada mühüm yer tutur.
Gəminin istismara verilməsini bildirən rəmzi lenti Tamara Sinyavskaya kəsdi.
Sonra Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı səsləndirildi.
Daha sonra xatirə şəkli çəkdirildi.
Gəmidə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev bildirdi ki, “Kaspian Marin Servisez” şirkəti ilə uzunmüddətli alyans razılaşması çərçivəsində alınan “Müslüm Maqomayev” sürətli sərnişin gəmisinin uzunluğu 70 metr, eni 16 metr, bortunun hündürlüyü 6 metrdir. Gövdəsi ikiqat, bütövlükdə alüminium qatlarından yığılmış katamaran tipli gəmi təyinatına görə dünyada həmin kateqoriyada ilk sürətli sərnişin gəmisidir. Gəminin inşası Beynəlxalq Dənizçilik Təşkilatının sürətli gəmilərin tikintisində tətbiq edilən HSC kodu tələblərinə uyğun olaraq, Avstraliyanın “İncat-Tasmaniya” gəmiqayırma zavodunda 1 il ərzində həyata keçirilib. Dəniz sınaqlarını müvəffəqiyyətlə başa vuran “Müslüm Maqomayev” gəmisi oktyabrın 4-də Xəzər dənizinə istiqamət alıb. Bakıya çatmaq üçün gəmi 11,486 mil məsafə qət edib. Gəmidə Müslüm Maqomayevin xatirə guşəsi yaradılıb. Burada dünya şöhrətli müğənninin müxtəlif fotoları yer alıb.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, gəminin yüksək keyfiyyətli alüminium gövdəsi, eləcə də son texnologiyalar əsasında istehsal olunan güc və hərəkət mexanizmləri onun dənizdə idarəolunma qabiliyyətinin yüksək standartlara cavab verməsinə zəmin yaradıb. Beləliklə, Azərbaycan dənizçilərinin səyi və məharəti nəticəsində gəmi uzun yol qət edərək dekabrın 4-də Bakı limanına yan alıb. Əməliyyat təyinatına gəlincə, “Müslüm Maqomayev” gəmisi dənizdə çalışan neftçilərin sərəncamına verilərək, 150 nəfərədək xüsusi dəniz-mədən heyətinin Xəzərdəki neft-qaz platformalarına çatdırılması işlərini yerinə yetirəcək. Hava şəraitindən asılı olaraq (küləyin sürəti saniyədə 17 metr, dalğanın hündürlüyü 4 metrədək olduqda) gəmi saatda 38 dəniz milinədək sürətlə hərəkət edə bilir.
Gəmi ilə tanışlıq zamanı SSRİ xalq artisti Tamara Sinyavskaya dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür etdi.
Prezident İlham Əliyev Müslüm Maqomayevin bənzərsiz yaradıcılığından danışdı, onun xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını dedi.
Tamara Sinyavskaya gəmini işə salan düyməni basdı.
Dövlətimizin başçısının diqqətinə o da çatdırıldı ki, “Müslüm Maqomayev” gəmisinin istifadəsi xüsusi heyətin və yüklərin dənizdəki platformalara helikopterlər vasitəsilə daşınmasını minimuma endirəcək. Dənizçilik Təsnifat Cəmiyyətinin tələblərinə uyğun olaraq, gəmidə tam komfort sistemi təşkil olunub ki, bu da öz növbəsində hətta sərt hava şəraitində belə sərnişinlərin təyinat məntəqələrinə tez və rahat çatdırılmasına əlverişli imkan yaradır. Atmosfer çirklənmələrinin qarşısının alınması və ətraf mühitə zərərli təsirin azaldılması məqsədilə gəmidə müasir tələblərə cavab verən enerjiverici qurğulardan istifadə olunur.
Daha sonra Prezident İlham Əliyev “Lənkəran” yedək-təchizat gəmisində yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, gəminin uzunluğu 74,5, eni isə 17,2 metrdir. Texniki göstəricilərinə görə Xəzərdə birinci olan, 16320 at gücündəki bu yeni yedək-təchizat gəmisinin dartma qüvvəsi 207 tondur. “Lənkəran” yedək-təchizat gəmisinin geniş texniki imkanları onun Xəzərdə bir çox layihələr, o cümlədən “Şəfəq-Asiman”, “Abşeron Faza-1” layihələri çərçivəsində nəzərdə tutulan işlərə cəlb olunmasına da imkan verir.
Sonra Prezident İlham Əliyev Qara dənizdə Azərbaycan bayrağı altında üzən gəminin kapitanı ilə söhbət etdi.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tərkibinə nəqliyyat və neft donanmaları daxildir. Nəqliyyat donanmasının tərkibində 97 gəmi var. İxtisaslaşdırılmış neft donanması isə 188 gəmidən ibarətdir. 2003-2014-cü illərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” üçün 23 yeni gəmi, o cümlədən 11 tanker, 6 bərə, 2 quru yük gəmisi, 4 yedək və yedək-təchizat gəmisi alınıb. Həmçinin bu ilin aprelində Bakı gəmiqayırma zavodu ilə bağlanan müqaviləyə əsasən 3 sərnişin gəmisinin tikintisinə başlanılıb. Hər biri 80 nəfər sərnişin tutumuna malik olacaq bu gəmilər dəniz neftçilərinin daha təhlükəsiz və rahat şəraitdə iş yerlərinə çatdırılmasında mühüm rol oynayacaq.
Sonda Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.
Trend.az