Prezident İlham Əliyev Eritreyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Eritreyanın yeni səfirinin etimadnaməsini qəbul edib Azərbaycan Prezidenti İlham Əliyev bu gün Eritreyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Petros Tseqqai Asghedomun etimadnaməsini qəbul edib.

Səfir Petros Tseqqai Asghedom fəxri qarovul dəstəsinin qarşısından keçib. Petros Tseqqai Asghedom etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Səfir Petros Tseqqai Asghedom Eritreya prezidenti İsaias Afeverkinin salamlarını dövlət başçısına çatdırıb. O, ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. Səfir əməkdaşlığın inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.

Ölkələr arasında ikitərəfli əlaqələrin o qədər də fəal olmadığını vurğulayan dövlət başçısı İlham Əliyev Petros Tseqqai Asghedomun səfir kimi Azərbaycanda fəaliyyətinin müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib. Ticarət sahəsində əməkdaşlığın çox aşağı səviyyədə olduğunu deyən dövlət başçısı səfirin ölkəmizin müxtəlif strukturlarının nümayəndələri ilə çoxlu görüşlər keçirəcəyinə, iqtisadi və digər sahələrdə əməkdaşlıq imkanlarının araşdırılması ilə bağlı müzakirələr aparacağına ümidvar olduğunu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev Prezident İsaias Afeverkinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Eritreya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO