Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Lazard Avropa” şirkətinin vitse-prezidenti Metyu Piqas ilə görüşüb.
Prezident İlham Əliyev Azərbaycan ilə “Lazard Avropa” şirkəti arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.
“Cənub qaz dəhlizi” layihəsinin maliyyələşdirilməsi üzrə ölkəmizin maliyyə məsləhətçisi olan “Lazard Avropa” şirkətinin vitse-prezidenti Metyu Piqas bildirdi ki, Azərbaycan yüksək reytinqə malikdir. O qeyd etdi ki, Azərbaycanda aparılan islahatlar ölkənin imicinə yaxşı təsir edir və nəticədə əlavə maliyyə resurslarının cəlb olunması imkanlarını genişləndirir.
Söhbət zamanı Azərbaycan ilə “Lazard Avropa” şirkətinin işgüzar münasibətləri müzakirə edildi, digər sahələrdə də potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı.