Praktiki baxımdan Azərbaycanda Ukrayna münaqişəsinin təsiri hiss olunmur. Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda Ukrayna münaqişəsinin postsovet ölkələrdəki vəziyyətə təsiri barədə sualı cavablandırarkən deyib.
Prezidentin sözlərinə görə, siyasi baxımdan da Rusiya və Ukrayna ilə yaxşı və dostluq münasibətləri olan istənilən ölkə üçün belə vəziyyət arzuolunmazdır: “Biz yaxınlarını itirmiş insanların acısını bölüşürük və bu faciə təəssüf ki, davam edir. Hər iki tərəfdən günahsız insanlar ölür. Bütün bunlar nə qədər tez bitsə, bir o qədər yaxşıdır”.
İlham Əliyev qeyd edib ki, Azərbaycanın özü müharibə və işğaldan əziyyət çəkir: “Hər bir müharibə atəşkəs ilə başa çatır və buna görə də sülh sazişinin imzalanmasına üstünlük verilməlidir”.
Prezidentin sözlərinə əsasən, Rusiya və Ukrayna hakimiyyətlərinin tərəfdaşlarına – MDB-nin üzv ölkələrinə və postsovet dövlətlərə necə münasibət bəsləməsi önəmlidir: “Hazırda bir milyondan çox azərbaycanlı Rusiyada, yarım milyondan çoxu isə Ukraynada yaşayır”.
Dövlət başçısı əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi aydın və dəqiqdir: “Və heç kəs bizdən başqa mövqe gözləyə bilməz. Rusiya rəhbərliyi və hökumətinin beynəlxalq hüquq normalarını və Ermənistanla münaqişəmizi nəzərə alaraq, Azərbaycanın bu mövqeyini anlamasına və hörmət etməsinə şadam”.
Prezident Ukrayna hökumətinin də anlayacağına ümid etdiyini bildirib: “Bizim təmas üçün imkanlarımız yox idi, lakin fikrimcə, onlar da başa düşməlidirlər ki, bizim üçün Rusiya yaxşı dost, etibarlı tərəfdaş və böyük qonşudur. Bizim böyük əmtəə dövriyyəmiz, qarşılıqlı maraqlarımız var. Rusiya və Azərbaycan arasında əlaqələrin inkişafı böyük və kiçik ölkə arasında əlaqələrin necə qurula biləcəyinə yaxşı nümunədir”.
İlham Əliyevin sözlərinə əsasən, Azərbaycan, Qazaxıstan kimi və digər ölkələrin öz mövqeləri var, onlar Rusiya və Ukrayna ilə münasibətləri korlamaq istəmir və ilk növbədə, qurbanlar və faciəyə görə bu münaqişənin tezliklə həll olunmasını istəyirlər.
Dövlət başçısı ümid etdiyini bildirib ki, yaxın vaxtlarda atəşkəs əldə ediləcək və tərəflər razılığa gələcəklər.
Trend.az