Azərbaycanda təhsilin səviyyəsi elə yüksək olmalıdır ki, heç kim daha xaricə getməsin, buna ehtiyac olmasın. Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyev sentyabrın 10-da Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınan beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olan zaman Ağdam rayonundan olan məcburi köçkün, şəhid ailəsi Səfurə Hüseynovanın mənzilində çay süfrəsi ətrafında ailə üzvləri ilə söhbət edərkən bildirib.
Səfurə Hüseynova Prezidenti oğlu Heydərin ali məktəbə daxil olması münasibətilə təbrik edib və bildirib ki, İlham Əliyev onun məhz Azərbaycanda təhsil almasını istəyib.
Prezident İlham Əliyev söyləyib ki, bu, doğrudan da vacib məsələdir: “Mən çox istəyirəm ki, Azərbaycan gəncləri Azərbaycanda təhsil alsınlar. Mənim oğlum da orada məktəbdə Bakıda oxuyub, ali məktəbdə də Azərbaycanda oxuyacaqdır. Düzdür, mənim bir neçə il bundan əvvəlki təşəbbüsümlə biz gəncləri oxumaq üçün xaricə göndəririk, vəsait də ayrılır. Bu binaların tikintisi üçün vəsait ayıran Dövlət Neft Fondu, eyni zamanda, xaricdə təhsil almaq üçün hər il təxminən 30 milyon manat vəsait ayırır. Gənclər də gedib xaricdə oxuyurlar. Mən bunu alqışlayıram. Ancaq o vaxt da demişəm, bu gün də demək istəyirəm və öz nümunəmlə bunu təsdiq edirəm ki, elə şərait yaratmalıyıq ki, uşaqlar Azərbaycanda təhsil alsınlar. Azərbaycanda təhsilin səviyyəsi elə yüksək olmalıdır ki, heç kim daha xaricə getməsin, buna ehtiyac olmasın. Tədricən biz bu məqsədlərə də çatırıq. Əlbəttə, mən şadam ki, Prezident kimi bu sahədə də hesab edirəm, bir yol göstərirəm”.
Prezident qeyd edib ki, xaricdə oxumağın müsbət tərəfləri kimi, mənfi tərəfləri də vardır: “Uşaqlar Vətəndən, ailələrindən ayrılırlar, başqa mühitdə yaşayırlar. Biz isə çalışmalıyıq təhsilin səviyyəsi elə yüksək olsun ki, bu uşaqlar, tələbələr Azərbaycanda oxusunlar, necə deyərlər, öz milli köklərindən ayrılmasınlar, milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Bax sizin balalarınız da indi bu gözəl məktəbdə oxuyacaqlar. Yaxşı oxusalar, ali məktəbə qəbul olunacaqlar. Bizə vətənpərvər gənclər lazımdır”.