Prezident İlham Əliyev: Azərbaycan Almaniya parlamentinin ədalətsiz, qərəzli qətnaməsini dərhal pislədi

Prezident İlham Əliyev: Azərbaycan Almaniya parlamentinin ədalətsiz, qərəzli qətnaməsini dərhal pislədi“Dünən Almaniya parlamenti tərəfindən ədalətsiz, qərəzli, tarixi yalan üzərində qəbul edilmiş qətnaməni Azərbaycan dərhal qınadı, pislədi”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyənin Baş naziri Binəli Yıldırımla birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdi və bu gün mən ölkə Prezidenti kimi bir daha bu yalan üzərində qurulan təxribatı pisləyirəm, qınayıram. Bu ədalətsizlikdir, ikili standartlardır, tarixin təhrif edilməsidir”.

Azərbaycan Prezidenti xatırladıb ki, bu gün Azərbaycanda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilir: “Bizim bütün diaspor təşkilatlarımızın rəhbərləri bu gün Azərbaycandadır və bizim bütün diaspor təşkilatlarımıza təlimat verilib ki, daim bütün diaspor təşkilatları ilə birlikdə olsunlar, birgə aksiyalar, nümayişlər keçirsinlər, öz etirazlarını bildirsinlər ki, biz həm bu bölgədə, həm də xaricdə birliyimizi nümayiş etdirməliyik”.

İlham Əliyev vurğulayıb ki, Almaniya parlamentinin qəbul etdiyi bu ədalətsiz qərar əlbəttə ki, siyasi sifarişdir: “Çünki bunu hər kəs yaxşı bilir ki, yalan üzərində, böyük erməni yalanı üzərində qəbul edilib. Nə üçün məhz dünən bu qəbul edilib? Təbii ki, bunun siyasi tərəfləri var və əsas rol oynayır. Yəqin ki, Türkiyəni nəyəsə məcbur etmək istəyirlər. Yəqin ki, Türkiyənin müstəqil siyasətinə təzyiq, təsir etmək istəyirlər. Budur, bunların təməlində dayanan amillər. Erməni məsələsi sadəcə olaraq, bir bəhanədir. Erməni məsələsi yenə də böyük dövlətlərin əlində alətə çevrilib. Onu da qeyd etməliyəm ki, Azərbaycan da oxşar vəziyyətlə üzləşib. Keçən ilin iyun ayının 12-də Almaniya parlamenti Azərbaycana qarşı çox ədalətsiz, yalan üzərində qətnamə qəbul etdi. Guya ki, Azərbaycanda demokratiya, insan haqları pozulur və s. Birincisi, bu yalandır. Azərbaycanda demokratiya inkişaf edir, bütün azadlıqlar təmin edilir, Azərbaycanda söz, mətbuat azadlığı, azad internet mövcuddur. Əhalinin 75 faizi internetdən istifadə edir. Sual olunur: azad internet olan yerdə söz azadlığı necə boğula bilər? Azərbaycanda sərbəst toplaşma azadlığı var, kim istəyir, nə vaxt istəyir, sərbəst toplaşa bilər. Görürük, bəzi Avropa ölkələrində dinc nümayişçilərə qarşı hansı vəhşiliklər törədilir. Biz görürük ki, onlar necə döyülür, söyülür, təhqir edilir. Yəni bu demokratiyadır! Amma Azərbaycanda insanlar rahat yaşayır, əmin-amanlıq, azadlıq şəraitində yaşayır və bu, sən demə, demokratiya deyil. Mən bu sözləri nəyə gətirirəm? Keçən il iyunun 12-də Bakıda dünyada ilk dəfə olaraq Avropa Oyunları keçirilməyə başlanılmışdı. İyunun 12-si Avropa Oyunlarının açılış günü – məhz bu gündə Almaniya parlamenti Azərbaycana qarşı bu qətnaməni qəbul edib. Yəni bu bizə sataşmaqdır, bizə ləkə vurmaqdır, bizə böhtan atmaqdır. Ona görə biz də bu qətnaməyə fikir vermədik. Əminəm ki, Türkiyə xalqı da, dövləti də buna fikir verməyəcək. Bunun heç bir mənası yoxdur. Sadəcə olaraq, bu, siyasi sifarişdir və bunu qəbul edənlər böyük səhv buraxıblar. Həm tarixi səhv, həm də siyasi səhv”.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycan hər zaman olduğu kimi, Türkiyənin yanındadır: “Biz birliyimizi daha da gücləndirəcəyik. Bizə qarşı aparılan bu təxribatlar bir daha onu göstərir ki, ancaq birlikdə daha güclü ola bilərik. Bu gün Türkiyə-Azərbaycan birliyi nəinki regionda, dünya miqyasında bir faktordur. Bu faktoru heç kim inkar edə bilməz. Biz gücümüzü birləşdiririk. Biz birgə layihələr icra edirik. Bu gün hörmətli Baş nazirlə bir daha birgə icra etdiyimiz bütün layihələri müzakirə etdik. Hörmətli Baş nazirin nəqliyyat naziri olduğu dövrdə Bakı-Tbilisi-Qars dərmir yolunun inşasına başlamışıq. Hörmətli Baş nazir bu yolun tikintisi üçün çox böyük səylər göstərmişdi. Artıq yaxın zamanlarda biz onun açılışını edəcəyik”.

Prezident deyib ki, enerji layihələri artıq qlobal layihələrə çevrilib: “Bunu da Azərbaycanla Türkiyə birlikdə icra edir. 2012-ci ildə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla İstanbulda TANAP layihəsinə biz start verdik. O vaxt biz bu məsuliyyəti öz üzərimizə götürməsəydik, bu günə qədər hələ enerji təhlükəsizliyi məsələləri müzakirə predmeti olacaqdı. Biz bu məsuiliyyəti üzərimizə götürdük, həm siyasi məsuliyyəti, həm də iqtisadi, maliyyə öhdəliklərini üzərimizə götürdük. 45 milyard dollar dəyərində Cənub Qaz Dəhlizi layihəsi indi icra edilir. Bu bizi daha da birləşdirəcək, bölgəyə sabitlik gətirəcək, bölgə ölkələri daha da bir-biri ilə sıx əlaqədə olacaq. Bir sözlə, bizim birgə icra etdiyimiz layihələr həm bizi gücləndirir, həm də bölgənin daha etibarlı və əməkdaşlığa, iş birliyinə hazır olduğunu təsdiqləyir. Biz gələcəkdə birliyimizi möhkəmləndirəcəyik. Türkiyə bu gün dünya miqyasında bir gücdür, “Böyük 20-liy”in üzvüdür, bütün böhranlara baxmayaraq, inkişaf edir, güclənir. Türkiyənin gücü bizim gücümüzdür. Sizin uğurlarınıza öz uğurlarımız kimi sevinirik. Əminəm ki, bugünkü səfər, görüşlər, müzakirələr gələcək illər üçün də gözəl şərait yaradacaq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO