Prezident İlham Əliyev: Açıq cəmiyyət – hər bir üzvünün özünü rahat hiss etdiyi, layiqli yaşadığı cəmiyyətdir

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında iştirak edib.

Trend-in məlumatına görə, dövlət başçısı tədbir iştirakçılarını salamlayıb və Azərbaycanda keçirdikləri günlərin uzun müddət onların yaddaşlarında qalacağına ümidvar olduğunu bildirib.

İlham Əliyev bəyan edib: “Burada Azərbaycana ilk dəfə səfər edən qonaqlarımız da var. Ümidvaram ki, bizim tariximiz, mədəniyyətimiz, ölkəmiz haqqında yaxşı təəssüratlarınız olacaq”.

Azərbaycan Prezidenti forumun qonaqları sırasında çoxsaylı keçmiş dövlət və hökumət başçılarını xüsusi salamlayıb. Dövlət başçısının fikrincə, onların bu tədbirdə iştirakı Bakı forumunun nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.

Prezident İlham Əliyev, həmçinin Azərbaycanla yaxşı tərəfdaşlıq etdiyinə görə Madrid Klubuna (Club de Madrid) təşəkkürünü bildirib: “Bizim əməkdaşlığımız bir neçə il əvvəl qurulub və bu, çox məhsuldar və fəal işbirliyidir. Mən, həmçinin çox məmnunam ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu yaxınlarda yaradılmış qurum kimi olduqca qısa müddət ərzində artıq nüfuzlu beynəlxalq təsisata çevrilmişdir və Madrid Klubu ilə birlikdə bu cür toplantıları təşkil edir”.

Azərbaycan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzini dəstəkləyən hər kəsə minnətdarlığını bildirib. Dövlət başçısı deyib ki, bu qurum görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Prezident vurğulayıb ki, Nizami Gəncəvi müdrikliyin, Azərbaycan xalqının istedadının rəmzi olub.

İlham Əliyevin sözlərinə görə, forumun gündəliyi çox genişdir və həyatımızın bir çox mühüm aspektlərini, bizim gələcəyimizi əks etdirir. Dövlət başçısı qeyd edib ki, bu gün və sabah keçiriləcək sessiyalar zamanı artıq görülmüş işlər haqqında danışılacaq, eləcə də hər kəsin bərabər imkanlarının təminatı və ləyaqətli həyat səviyyəsi üçün görüləsi işlər barədə mühüm bəyanatlar veriləcək.

Azərbaycan Prezidenti deyib: “Açıq cəmiyyət – hər bir üzvünün özünü rahat hiss etdiyi, layiqli yaşadığı, iş yerləri ilə təmin olunan və öz uşaqlarının gələcəyinə əmin olduğu cəmiyyətdir”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın müstəqillik dövrünün cəmi 22 yaşı olmasına baxmayaraq, bu qısa tarixi zaman kəsiyində ölkə müxtəlif dövrləri yaşayıb. Əvvəlcə çoxlu siyasi və iqtisadi problemlər oldu, indi isə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir və bu dəyişikliklər hamımızın gözü qarşısında baş verib: “Biz bu prosesin bir hissəsi olduğumuza və Azərbaycanın müasir dövlətə çevrilməsində fəal iştirak etdiyimizə görə şadıq”.

Xəbər yenilənir

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO