Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olub.
Prezident İlham Əliyev mərkəzin açılışında iştirak etmişdir. Dövlətbaşçısı mərkəzin fəaliyyəti ilə tanış oldu. Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məlumat verdi ki, Bakının Yasamal, Səbail və Qaradağ rayonlarının əhalisinə xidmət göstərəcək mərkəzdə vətəndaşların qəbulu elektron növbə əsasında həyata keçiriləcəkdir. Bunun üçün ən müasir avadanlıq quraşdırılmışdır.
Bildirildi ki, mərkəzdə ilk dəfə olaraq elektron şikayət köşkü və elektron rəy sorğusu xidmətləri göstəriləcəkdir. Elektron şikayət köşkündə “Skype” vasitəsilə vətəndaşların online qəbulu keçirilərək onların şikayətlərinə operativ şəkildə baxılacaqdır. Elektron rəy sorğusu vasitəsilə isə gündəlik vətəndaş məmnunluğunun səviyyəsi müəyyən ediləcəkdir.
Qeyd edildi ki, mərkəz daim internetə açıq olan kompyuterlərlə təchiz edilmişdir. Burada vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanmaları üçün şərait yaradılmışdır. Mərkəzdə əlillər üçün də hər cür imkan vardır. Gözdən əlillərin sərbəst hərəkəti üçün isə döşəməyə xüsusi örtüklər vurulmuş, lövhələr onların oxuya bildiyi müvafiq hərflərlə hazırlanmışdır.
Bildirildi ki, “ASAN xidmət” mərkəzində vətəndaşların gözləyərkən vaxtlarını səmərəli keçirmələri üçün funksional-yardımçı xidmətlər – bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin haqqının, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olacaqdır.
Diqqətə çatdırıldı ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlər göstərməsində vətəndaşların razı salınmasının, şəffaflığın təmin edilməsinin, korrupsiya hallarının istisna olunmasının, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiqinin, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin – “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.
Azərbaycan Prezidentinə “ASAN imza” sertifikatı və “ASAN imza” Sim kartı təqdim edildi. Dövlət başçısı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.